Cəbhə bölgəsində xidmət edən əsgərlərə səbaillilərin Novruz töhfəsi
16 Mart 2013 14:00 (UTC+04:00)
Xalqımızın ən əziz bayramlarından olan Novruz Bayramı ərəfəsində
Səbail İcra Hakimiyyətinin rəhbərliyi, rayon ictimaiyyətinin
nümayəndələri və respublikamızın populyar incəsənət xadimləri
ənənəvi olaraq rayonun hamilik etdiyi, cəbhə bölgəsində, birbaşa
düşmənlə üz-üzə mövqelərdə dayanmış, Müdafiə Nazirliyinin Tərtər
rayonundakı "N" saylı hərbi hissədə xidmət edən əsgər və zabitlərin
görüşünə gəlmişlər. Qonaqlar hərbi hissə komandanlığı ilə birlikdə
əvvəlcə ön cəbhə xəttindəki səngərlərə gəlmiş, burada
əsgərlərimizin xidməti, məişət şəraiti ilə maraqlanmış, əsgərlərlə
söhbətlər aparmış, onlara bayram sovqatları çatdırmışlar.
Hərbi hissədəki əsgər kazarmaları və yeməkxana ilə də tanışlıqdan
sonra şəxsi heyət ilə keçirilən təntənəli görüşdə çıxış edən Səbail
rayon İcra Hakimiyyəti Başçısı Asif Əsgərov Novruz Bayramı
münasibəti ilə əsgərlərimizi təbrik etmiş, onlara çətin və şərəfli
xidmətlərinin yerinə yetirilməsində müvəffəqiyyətlər arzulamışdır.
Natiq hərbi hissənin şəxsi heyətini Azərbaycan Respublikasının
Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev
tərəfindən ordumuz üçün yaradılmış şərait müqabilində daha yaxşı
xidmət etməyə çağırmış və ölkə başçısının apardığı məqsədyönlü
siyasət nəticəsində işğal altında olan bütün Azərbaycan
torpaqlarının düşməndən azad ediləcəyinə, ölkəmizin ərazi
bütövlüyünün bərpa ediləcəyinə əmin oluduğunu, lazım gələrsə
Prezidentimizin əmri ilə silaha sayrılaraq müharibə yolu ilə
torpaqlarımızın azad olunması üçün bütün qüvvələrin səfərbər
ediləcəyini bildirmişdir.
Tədbirdə iştirak edən Tərtər rayon İcra Hakimiyyətinin Başçısı
Ceyhun Cəfərov əsgərlər qarşısında çıxış edərək bayram münasibəti
ilə onları təbrik etmiş, çətin və şərəli xidmətlərində onlara
uğurlar arzulamışdır.
Qonaqlar Səbail RİH-nin hədiyyələrini,
rayonun orta məktəblərinin kollektivlərinin hazırladıqları bayram
xonçalarını, müxtəlif ləvazimatları və məktəblilərin əsgərlərə
ünvanladıqları məktubları şəxsi heyətə təqdim etmiş, RİH tərəfindən
hərbi hissənin təlabatı nəzərə alınaraq müxtəlif tikinti
materialları hərbiçilərimizə çatdırılmışdır.
Xidmətdə fərqlənən əsgər, çavuş və zabitlərin bir qrupu Səbail
rayon İcra Hakimiyyətinin xatirə hədiyələri ilə
mükafatlandırılmışdır.
Hərbi hissə komandanlığı adından çıxış edən polkovnik-leytenant
Şükür Həmidov şəxsi heyətin xidməti və döyüş hazırlığı barədə
məlumat vermiş, Səbail rayon İcra Hakimiyyəti rəhbərliyinə hərbi
hissə ilə Səbail rayonu arasında mövcud olan əlaqələrin daha da
möhkəmləndirilməsi və Novruz bayramı tədbirinin təşkilinə görə öz
minnətdarlıqlarını bildirmiş, hərbi hissədə keçirilən bu tədbirin
düşmənlə üz-üzə səngərdə xidmət edən hərbiçilərin ruh yuksəkliyinin
qalxmasında böyük rol oynadığını vurğulamışdır.
Sonra respublikamızın tanınmış incəsənət ustalarının iştirakı ilə
döyüşçülərimiz üçün böyük konsert proqramı təşkil olunmuşdur.
Əməkdar artist Ruhəngiz Allahverdiyeva, gənc muğam ifaçısı Orxan
Hüseynli və başqaları gözəl çıxışları əsgərlər tərəfindən xususi
rəğbət və sürəkli alqışlarla qarşılanmışdır.
Bayram şənlikdən sonra qonaqlar hərbi hissənin şəxsi heyəti ilə
birlikdə bayram süfrəsi arxasında nahar etmiş, Səbail rayon İcra
Hakimiyyətinə və incəsənət xadimlərinə hərbi hissənin Fəxri
Fərmanları təqdim olunmuşdur.
Cəbhə bölgəsindəki tədbirlə bərabər Səbail rayonunun nümayəndələri
rayon ilə çox dostluq və möhkəm əməkdaşlıq əlaqələri olan Daxili
İşlər Nazirliyi Daxili Qoşunlarının Bərdə şəhərindəki "N" saylı
hərbi hissəsinin də qonağı olmuşlar.
Rayon nümayəndələri bu hərbi hissədə də əsgərlərimizin şəraiti və
hərbçilərin döyüş hazırlığı ilə tanış olmuş, burada da böyük bayram
konserti təşkil olunmuşdur. Hərbi hissənin rəhbərliyi və şəxsi
heyəti bu tədbirin təşkili üçün Səbail rayon nümayəndələrinə
minnətdarlıqlarını bildirmişlər.