İran ABŞ prezidentinə xəbərdarlıq edib
17 Mart 2013 12:10 (UTC+04:00)
"Cənab Obama! Yanlışlığa yol vermə! Bizim də bütün seçimlərimiz
masa üzərindədir. Region bataqlığına düşməzdən öncə öz ölkənizə
geri qayıdın". Movqe.az-ın İRİB-ə istinadən məlumatına görə, belə
bir bəyanatla İran Silahlı Qüvvələri Baş Qərargahı rəisinin
müavini, general Məsud Cəzayiri çıxış edib.
Onun sözlərinə görə, İsrailin İrana qarşı təhdidləri də
əhəmiyyətsizdir: "Düşmənin hər cür düşmənə hərəkətinə qarşı dərhal
cavab vermək təlimatını almışıq və təcavüzkar tərəfə düşünməyə belə
fürsət verməyəcəyik. Təhdid və təzyiq dövrü artıq geridə qalıb.
İmperialist qüvvələr bölgənin şərtlərini doğru şəkildə qəbul edə
bilmədikləri təqdirdə gözlənilməz çətinliklərlə qarşı-qarşıya
qalacaqlar".
M. Cəzayiri bildirib ki, Böyük Britaniya, Fransa, ABŞ, İsrail və
mürtəce ərəb ölkələri Suriyada mütləq məğlub tərəflər olacaqlar:
"Bu ölkələrin Suriyada işlədikləri terror hərəkətlərinin mənfi
nəticələrini gözləmələri lazımdır. İmperialist qüvvələrin və region
dövlətlərinin yetişdirdikləri terrorçular tezliklə öz silahlarını
onlara doğru yönəldəcəklər. Suriya xalqı və hökuməti terror aktları
qarşısında təslim omalı olsaydı, bu bir müddət öncə baş
verərdi".
İranlı general deyib ki, artıq bölgə ölkələrinin müqaviməti
imperialist qüvvələrə qarşı boyun əyməyəcək qədər lazım olan siyasi
həddi-buluğa çatıb.