Pornoqrafik şəkillər yayan saytlar bağlana bilər
18 Mart 2013 13:15 (UTC+04:00)
"Orta məktəblərin yaxınlığında, metroda və paytaxtın müxtəlif
yerlərində uşaqlar üçün təhlükə doğuran saytların reklamının
qarşısı alınmalıdır. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət
Komitəsinin Uşaq Problemləri şöbəsi bu cür saytların reklamının və
fəaliyyətinin dayandırılması üçün qanunvericilik səviyyəsində
təkliflər hazırlayacaq".
Bu məlumatı Movqe.az-a Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət
Komitəsinin Uşaq Problemləri şöbəsinin böyük məsləhətçisi Pərviz
Əliyev verib. Onun sözlərinə görə, bəzən tanışlıq adı altında
açılan bu cür saytlar uşaqlar üçün təhlükəli materiallar
yerləşdirirlər: "Hətta bəzən bu cür saytlarda pornoqrafik şəkillər
də yayılır. Ona görə də, bu saytların həm reklamının, həmçinin də,
yaradılmasının qarşısı alınmalıdır. Biz bunun qarşısının alınması
üçün müxtəlif qurumlara məktublar göndərmişik. Amma bu cür saytlar
yenə də fəaliyyətlərini davam etdirməklə yanaşı, təhsil ocaqlarının
yaxınlığında reklam edilir".
Qeyd edək ki, son vaxtlar uşaqların da internetdən istifadə
imkanlarının artması bu cür saytların yaranmasının daha da
sürətləndirib. Tanışlıq saytları kimi özlərini reklam edən bu tip
saytlar təkcə tanışlıqlara vasitəçilik etməklə işlərinin bitmiş
hesab etmir, bəzən pornoqrafik şəkillər də yayırlar. Yeniyetmələrin
daha çox maraq göstərdikləri bu saytlar, beləcə uşaqlara zərərli
informasiyanın ötürülməsini də həyata keçirirlər. "Multimedia"
İnformasiya Sistemləri və Texnologiyaları Mərkəzinin direktoru,
Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz deyir ki, bu
cür saytların sahibləri azərbaycanlı olsa da, həmin saytların
hostinqi xarici ölkələrdə yerləşir: "Az, com, org domeni ilə bu cür
saytların açılması mümkün deyil. Bu cür saytlar pulsuz domenlərdən
istifadə edərək wap və sair domenlərlə sayt açırlar. Bəzən
həmin saytlar uşaqlara zərərli informasiyanın ötürülməsində
vasitəçiyə çevrilirlər. Bu cür saytları birdən-birə bağlamaq,
provayderlər vasitəsilə süzgəc qoymaq da olmaz. Bu senzuraya
gətirib çıxarda bilər".
Rabitə və İnformasiya Texnologiyaları nazirliyinin İnformasiya
cəmiyyətinin inkişafı şöbəsinin müdiri İsfəndiyar Əliyev isə çıxış
yolunun olduğunu söyləyir. Onun sözlərinə görə, əgər Azərbaycanda
hansısa sayt zərərli informasiya yayırsa, belə saytı bağlamaq
mümkündür. Sadəcə olaraq həmin sayt məhkəməyə verilməli, qərar
çıxdıqdan sonra bağlanıla bilər: "Əgər belə saytlar varsa, həmin
saytlarla bağlı monitorinq aparıla bilər. Bu Pornoqrafik fotolar
yayan saytların bu fəaliyyəti təsdiq olunrsa, məhkəmənin qərarı ilə
bağlanacaq".