Bu gün xalq arasında "Yer çərşənbəsi", "İlaxır Çərşənbə" və ya "Torpaq çərşənbəsi" adlanan sonuncu çərşənbədir. Xalq inancına görə, Torpaq çərşənbəsi yetişəndə torpaq artıq əkinə hazır olur və ona toxum səpmək olar.Əfsanəyə görə adamların ərzaq qıtlığından əziyyət çəkdikləri bu gündə Su, Od və Yel Torpaq xatununyeraltı məbədinə qonaq gəlir, burada yatmış Torpağı oyadırlar.
Bu çərşənbə öz xüsusiyyətlərinə və bayrama yaxın olduğuna görə daha çox insanlar tərəfindən sevilir və seçilir. Torpaq çərşənbəsində süfrəmizin gözəl təamlarından olan paxlava, şəkərbura, qoğal və bir çox şirniyyatlar hazırlanır. Şirniyyatların süfrəyə qoyulması bütün ilin bərəkətli, ruzili və həmişə şirin keçməsini mənalandırır. Bununla yanaşı, qoz, funduq, badam və bir çox çərəz növləri də süfrəni bəzəyir. Qadınlar, qızlar isə evlərinə xonça tuturlar və müxtəlif çərəzlər, şirniyyatlar onu bəzəyirlər. Süfrəyə qoyulmuş səməni isə öz yaşıl görkəmi və belinə bağlanmış qırmızı lentlə daha çox diqqət vəlb edir. Həmin gün hamı deyib, gülür və insanlar evlərində xoş sözlər danışırlar.
Torpaq çərşənbəsi olduğu üçün artıq xalq əkin – biçinə başlamalı olur. Yerlər şumlanır, toxumlar səpilir və artıq yazın gəlməsi ilə işgüzarlıq da özünü göstərir.
Axır çərşənbə günü qadınlar, qızlar çilələrini tökmək üçün çay üzərinə yollanır və sudan tullanırlar. Həmçinin həmin gün axşam vaxtı yenə də tonqallar qalanır, lakin bu çərşənbənin tonqalları digərlərindən amam fərqlənir. Çünki həmin gün daha çox maraq olur və hamı od ətrafına yığışaraq onun istisinə qızınmağa çalışırlar.
Evlərdə qadınlar yemək qazanları asır, plov dəmləyir və bir çox xörəklər bişirirlər. Nişanlı qızlara hədiyyələr gəlir, təzə gəlinlər qırmızı geyinirlər. Xanımlar isə evlərini ən yüksək səviyyədə bayrama hazırlayırlar. Həmçinin bugünü evlənməyən subay qızlara baxmağa gələn oğlanlar olduqca çox olur, xüsusən papaqatmaq mərasimi bütün oğanlar tərəfindən sevilir. Onlar öz papaqlarını başqalarının qapısına ataraq bayram payı gözləyirlər. Qapını açan şəxslər isə bayram tədarüklərindən və evlərində olan nemətlərdən papağa qoyaraq həmin adamları sevindirirlər. Çərşənbə günü yumurtalar boyanır, rəngləri isə xonçalarda bəzəkli görünsün deyə müxtəlif olur. Axır çərşənbədə yumurtalar toqquşdurulur və uşaqlar mərcə girirlər. Kimin yumurtası digərinə aid olanı sındırsa həmin şəxs qalib elan olunur.
Torpaq çərşənbəsində insanlar öz qohumlarını yadına salır və onlara qonaq getməyə başlayırlar, həmçinin vəfat etmiş insanları da yada salmaq lazımdır. Rəhmətə gedən insanların qəbirlərini ziyarət edir, onları da xatırlayırlar. Həmçinin qoca insanları və valideynləri yada salmaq daha mühüm əhəmiyyətə malikdir. Bu bayram günlərində şikəstlərə, əlillərə əl tutmaq və valideyni olmayan uşaqlara yaxşılıq etmək həmin insanın savaba girməsi ilə nəticələnir. Çərşənbə günü ev sahibləri gec yatmalıdır və evində qulaq falına çıxanları nəzərə alaraq xoş söhbətlər etməlidir. Çərşənbə günündə başyalan mərasimlər səhər tezdən elan olunur və gün dəyişənə qədər davam edir, həmin gücə evlərdə şamlar yandırılır, hər bir şəxsin adı qoyulmuş şam sona qədər yanmalıdır. Şamların kimsə tərəfindən söndürülməsinə icazə verilmir.