Milli qəhramanlara və ailələrinə güzəştlər edilə bilər
21 Mart 2013 11:15 (UTC+04:00)
Sahibkarlıqla məşğul olan Milli Qəhrəmanlara və onların ailə
üzvlərinə güzəştlər tətbiq olunmalıdır. Bunu Trend-ə millət vəkili,
Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvü Rüfət Quliyev
bildirib.
O qeyd edib ki, təklif Azərbaycanda yeni hazırlanan "Sahibkarlıq
sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların
maraqlarının müdafiəsi haqqında" qanunda öz əksini tapmalıdır.
Deputat qeyd edib ki, Azərbaycanda sahibkarlıq fəaliyyəti ilə az
sayda Milli Qəhrəman və ya onların ailə üzvləri məşğul olur və
onlara heç bir güzəştlər edilmir.
"Biz cəmiyyətdə milli vətənpərvərlik ruhunun yüksəldilməsi və
onlara olan qayğının artırmaq məqsədi ilə sahibkarlıqla fəaliyyət
göstərən bu şəxslərə və ailələrinə güzəştlər tətbiq etməliyik".
Millət vəkili vurğulayıb ki, Azərbaycanda hər zaman müstəqillik,
suverenlik uğrunda mübarizə aparan insanlara və bu yolda şəhid
olanların ailələrinə böyük qayğı göstərilir və onların sosial
vəziyyətinin yaxşılaşdırılması istiqamətində addımlar atıb.
"Sahibkarlıq fəaliyyəti üçün güzəştlər də bu istiqamətdə görülən
işlərə öz töhfəsini verə bilər", - Quliyev deyib.
Qeyd edək ki, ötən həftə Milli Məclisin İqtidadi Siyasət və Hüquq
Siyasəti və Dövlət Quruculuğu komitələrinin birgə keçirilən
iclasında "Sahibkarlıq sahəsində aparılan yoxlamaların
tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında"
qanun layihəsi müzakirəyə çıxarılıb. Yeni qanun layihəsi
Azərbaycanda sahibkarları yersiz yoxlamalar və müdaxilələrdən
qorumaq, yoxlayıcı orqanlar tərəfindən həyata keçirilən planlı və
plandankənar yoxlamaların sahibkarların normal fəaliyyətinə mane
olmamasına yönəlib.