ABŞ terrorçu liderin açıqlamasını müsbət qarşılayıb
22 Mart 2013 10:51 (UTC+04:00)
Rəsmi Vaşinqton PKK-nın həbsdə olan lideri Abdullah Öcalanın kürd
tərəfdarlarına müraciət etməsinə öz münasibətini bildirib.
Movqe.az-ın məlumatına görə, ABŞ Dövlət Departamentinin məruzəçisi
Viktoriya Nuland terrorçu liderin açıqlamasını müsbət hal kimi
qarşıladıqlarını deyib.
"Bölgədə illərdir davam edən, bir çox həyatı və gələcəyi yox edən
insident dayandırılmalıdır. Türkiyə hökuməti və əlaqədar bütün
qurumların, ölkədə demokratik dəyərləri və vətəndaşlarının həyat
tərzini inkişaf etdirəcək, problemin sülh yolu ilə həllini tapmağa
istiqamətlənmiş cəsarətli addımlarını alqışlayırıq. ABŞ olaraq
problemi həll etmək və daha parlaq gələcək üçün səy göstərən
Türkiyə xalqını dəstəkləməyə davam edəcəyik" – deyə Nuland qeyd
edib.
Xatırladaq ki, Türkiyədə son illər çoxalan terror hadisələrinin
qarşısını almaq məqsədilə atəşkəsə nail olmaq üçün mövcud (AKP –
Ədalət və İnkişaf Partiyası) hökumət həbsdə olan terrorçu lider
Abdullah Öcalanla danışıqlara başlayıb. Ölkə ictimaiyyəti və
siyasətçilər tərəfindən birmənalı qarşılanmayan bu danışıqların
nəticəsində ötən gün İmralı adasında ömürlük həbsə məhkum olunan
lider Abdullah Öcalan tərəfdarlarına müraciət edərək onları silahı
yerə qoymağa səsləyib.