Həmsədrlər Bakıya gəlib yenidən Xankəndinə qayıdacaqlar
22 Mart 2013 14:08 (UTC+04:00)
Minsk Qrupu həmsədrləri Ermənistan prezidenti və xarici işlər
naziri ilə danışıqları başa vurub. Lakin onların İrəvan
görüşlərinin nəticələri məlum deyil. Erməni KİV-lərinin xəbərlərinə
görə həmsədrlər münaqişənin bütün tərəfləri ilə danışıqlardan sonra
açıqlama verəcəklərini bildiriblər. Xatırladaq ki, həmsədrlər
martın 20-də axşam münaqişə regionuna səfərlərini birbaşa
Qarabağdan başlayıblar, daha sonra İrəvana gediblər.
Martın 21-də ATƏT-in Minsk Qrupu həmsədrləri ilə bir saatdan çox
davam edən görüşdən sonra Ermənistan Xarici İşlər Nazirliyi öz
rəsmi bəyanatında qeyd edib ki, həmsədrlər Xankəndində Dağlıq
Qarabağ rəhbərliyi ilə görüşləri barədə məlumat verib və tərəflər
Qarabağ münaqişəsinin tənzimlənməsinə yönəlmiş addımlar ətrafında
fikir mübadiləsi aparıblar.
Həmin gün İqor Popov (Rusiya), Jak For (Fransa) və Yan Kelli (ABŞ)
Ermənistan prezidenti Serj Sarkisyanla görüşüblər. Ermənistan
prezidentinin mətbuat xidməti "Dağlıq Qarabağ münaqişəsinin
tənzimlənməsi üzrə danışıqlar prosesinin hazırkı mərhələsi və
gələcək addımlarla bağlı məsələlər" müzakirə olunduğunu bildirir.
Həmsədrlər Bakıda Azərbaycan rəhbərliyi ilə görüşdən sonra Minsk
Qrupu adından bəyanatla çıxış edəcəklərini bildiriblər.Bakıya Minsk
Qrupu həmsədrlərinin səfəri Novruz bayramından sonra, aprel ayının
əvvəlində, gözlənilir. Qondarma "DQR" rejiminin təmsilçisi David
Babayana istinadən yayılan xəbərlərə görə həmsədrlər Bakıda
danışıqlar apardıqdan sonra yenidən Xankəndinə qayıdacaqlar.