Mixail Saakaşvili: "Nə qədər ki, İlham Əliyev rəhbərlikdədir, Gürcüstan da özünü bir o qədər əmin hiss edəcək".
23 Mart 2013 10:21 (UTC+04:00)
İlham Əliyevin Azərbaycana rəhbərlik etməsi Gürcüstanın
uzunmüddətli inkişafının zəmanətidir. Trend xəbər verir ki, bunu
"İmedi" telekanalında "Açıq efir" verilişində Gürcüstanın
prezidenti Mixail Saakaşvili deyib.
"Azərbaycanın hazırki rəhbərliyi NATO ilə yaxınlaşmaq mövqeyində
durur. Bu ölkə regionda sabitləşdirici rol oynayır və bunu bizim
düşmənimiz çox yaxşı başa düşür" - deyə o, bildirib.
Gürcüstanın prezidenti vurğulayıb ki, Azərbaycan Gürcüstana
Avropadan fərqli olaraq, 3 dəfə ucuz qaz satır və ölkə
iqtisadiyyatına sərmayə yatırır.
"Bu, Gürcüstan üçün həyati əhəmiyyətlidir və bu səbəbdən də,
Azərbaycanın kursunu dəyişməsi bizim üçün fəlakət ola bilər" -
Saakaşvili deyib.
O, bildirib ki, Azərbaycan bu gün dövlətçiliyini etibarlı şəkildə
qurur və nə qədər ki, İlham Əliyev rəhbərlikdədir Gürcüstan da
özünü bir o qədər əmin hiss edəcək.
Saakaşvili deyib ki, Bakıdan qayıtdıqdan sonra verdiyi açıqlama
hələ də qüvvədədir və bir sıra qüvvələr var ki, Azərbaycanda
vəziyyəti destabilləşdirməyə cəhd göstərir.
"Mənim sözlərim bir çoxlarının xoşuna gəlmədi, lakin bütün
məlumatlar təsdiqini tapır və ehtiyatlı olmaq lazımdır" - deyə
Saakaşvili əlavə edib.