Toğrul Əhmədovun atası və həkimi döyülmə xəbərinə aydınlıq gətirdi-Eksklüziv

25 Mart 2013 12:45 (UTC+04:00)
"Toğrul Əhmədovun iki əsgər yoldaşı tərəfindən döyülməsi ilə bağlı yayılan xəbərlər cəfəngiyyatdır. Mən Toğrulla Dövlət Sərhəd Xidmətinin Hərbi Hospitalına gətirilən günü görüşdüm. O, hadisəni olduğu kimi bizə danışdı. Dedi ki, təlim zamanı əl güləşdirərkən qolu sınıb. Əgər döyülmə faktı olsaydı, ən azından bunu Toğrul ailəsindən gizlətməzdi. Bu informasiyanın hansısa jurnalistin, özüdə savadsız birinin təxəyyülünün məhsulu olduğunu onun əsgərin döyülmə faktını Baş Prokurorluğun araşdırdığını yazması da təsdiqləyir. Əgər hərbi hissədə əsgər döyülürsə, bunu Baş Prokurorluq yox, Hərbi prokurorluq araşdırır. Xəbərdən də görünür ki, bu dezinformasiyadır. Bu məlumatın mənbəsi göstərilmədən, bu hadisə ilə bağlı kiminsə həbs olunduğunu da yazırlar. Həbs olunan kimdir, nəçidir bilinmir. Kim istəsə Toğrul Əhmədovun həkimi ilə, DSX ilə əlaqə saxlayıb məlumatı dəqiqləşdirə bilər. Mediadan xahiş edirik, heç bir mənbəyə əsaslanmayan, yalnış məlumatlar yayıb ictimaiyyəti çaşdırmasınlar".
Bu sözləri Movqe.az-a Gülər Əhmədovanın həyat yoldaşı Fikrət Məmmədov verib. F. Məmmədov bildirib ki, dünən oğlu ilə yenidən görüşüb Toğrul atasına özünü yaxşı hiss etdiyini, DSX-nın Hərbi Hospitalında tibbi personalın, eləcədə həkimi Azər Qafarovun onun səhhəti ilə tez-tez maraqlanaraq qayğı göstərdiyini bildirib: "DSX-nın Hərbi Hospitalında həkimlərin ona göstərdiyi qayğıdan razıdır. Deyir ki, ata həkimim Azər Qafarov nə lazımdırsa onu edir. Ona hospitalda göstərilən tibbi xidmətdən razıdır. Toğrul da onunla bağlı müxtəlif şayələrin yayılmasından narahatdır. Deyir ki, qolu təlim zamanı zədə alıb heç kəs onu döyməyib, vurmayıb".
Movqe.az Toğrul Əhmədovun həkimi Azər Qafarovla da əlaqə saxlayıb. A. Qafarov da Toğrul Əhmədovun qolunun sındığını, bədəninin başqa heç bir yerində zədə olmadığını, adi sınıq olduğunu təsdiqləyib: "Bu barədə DSX rəsmi məlumat yayıb. T. Əhmədov döyülməsi xəbəri yalandır. Qol güləşdirərkən zədə alıb. Səhhətində başqa heç bir problem yoxdur".