Taryel Qasımov: "Teatrlar yaxşı tamaşa, pyes qoymurlar, peşəkar aktyor oyunu nümayiş etdirə bilmirlər, tamaşaçılar da gəlmir"
Sabir Məmmədov: "Tamaşaçı problemi menecerlerin, marketinqlə məşğul olan prodüsserlərin işidir"
Məlum olduğu kimi hər il martın 27-də dünyada Beynəlxalq Teatr Günü qeyd olunur. Beynəlxalq Teatr İnstitutunun 1961-ci ildə Vyanada keçirilmiş IX konqresində qəbul edilmiş qərara əsasən, hər il martın 27-si Beynəlxalq Teatr Günü kimi anılır. Mövqe.az xəbər verir ki, milli teatrının tarixi 1873-cü ildən başlanan Azərbaycanda da Beynəlxalq Teatr Günü münasibətilə silsilə tədbirlər keçirilir. Bu tədbirlərin keçirilməsinə baxmayaraq bu gün Azərbaycan teatrna gedən insanların sayı günü-gündən azalır, artıq neçə ildir ki, bunun əksi müşahidə olunmur. Bu acı gerçək ilə bəzi aktyorlar razılaşır, bu faktı təsdiqləyir, digərləri isə əksinə, onların tamaşalarında zalın tamaşaçı ilə dolu olduğunu deyir.
Ən adi obrazlara psixoloji ahəng verməyi bacaran, fəlsəfi-dramatik və faciə rollarının mahir ifaçısı, səhnəmizdə Rəhman, Valeh, Qədim, Mübarək Səltənət, Fərhad, Şahbaz bəy, Zaur, Baron, Hamlet və başqa yüksək bədii dəyərli səhnə surətlərini peşəkarlıqla canlandıran xalq artisti Fuad Poladov Mövqe.az-a açıqlamasında ilk əvvəl Beynəlxalq Teatr Günü münasibəti ilə bütün teatr xadimlərini, tamaşaçıları təbrik etdi və bu gün teatra niyə az tamaşaçı gəlməsinə dair sualı belə cavablandırdı: "Hər gün teatr zalları tamaşaçı ilə doludur. Rus Dram Teatrı, AZDRAMA, Gənc Tamaşaçılar Teatrında gedən tamaşalar zamanı şahidi ola bilərsiniz ki, hər gün ora nə qədər tamaşaçı axını olur. Mən 2 teatrda işləyirəm və nə vaxt tamaşam olur, görürəm ki, parter dolu olur. Bu, özü böyük göstəricidir. Mənə elə gəlir ki, bu gün teatrlarda tamaşaçı qıtlığı yoxdur".
Oynadığı "Nəsimi", "Babək" , "Dədə Qorqud" və s. filmlərindəki rollarda tamaşaçıların sevgisini qazanan və çox sevilən xalq artisti Rasim Balayev isə əksinə, bu gün həqiqətən də teatra az tamaşaçı gəldiyini etiraf etdi. Ancaq teatrın problemlərindən danışmaq istəməyən xalq artisti digər sənət yoldaşlarının xətrinə dəyəcəyindən ehtiyatlanıb bizə yalnız bəzi məqamları açıqlaya biləcəyini dedi: "Teatrla mənim də çox əlaqəm yoxdur. Ordakı problemlərdən danışmaq istəmirəm. Deyəcəyəm, acıqlarına gələcək. Bu, çox geniş mövzudur. Səbəblər çoxdur. Ən çoxu da insanları qaçırdan teatrın zamanla ayaqlaşmamasıdır. Tamaşalar olur, yaxşı aktyorlar da var... Amma tamaşaçını cəlb etmək üçün böyük ustalıq, proffesionallıq lazımdır. 40 il öncə aktyorların işi daha asan idi. Bu gün texnologiyalar çox geniş yayılıb və inkişaf edib. Bunların içində gərək elə bir möhtəşəm teatr olsun ki, tamaşaçı ora həvəslə gedə və həzz ala bilsin. Çox təəssüf ki, o cəzbedici qüvvə teatrda yoxdur. Ona görə də tamaşaçı teatra getmir. Aktyorlarla iş bitmir. Yaxşı rejissor işi, dramaturgiya, repertuar yoxdur. Teatr elə yüksəkdə getməlidir ki, tamaşaçını da öz arxasınca apara bilsin, təəəssüf ki, bu gün o yoxdur".
Xalq artisti bir sıra qonşu ölkələrdə, məsələn, Türkiyədə teatrların tamaşaçı sarıdan Azərbaycanal müqayisədə korluq çəkməməsinə dair səsələnən fikirlərə belə münasibət bildirdi: "Bizdə teatr olanda Türkiyədə teatr yox idi. 20 il öncə Türkiyədə seriala çəkildim, orda heç nə yox idi. Mənə yalvardılar ki, burda qal. Amma bu gün necə inkişaf ediblər?! Televiziya, təhsil, idman, futbol bizdə olanda onlarda yox idi... Bu gün isə əksinə. Çox təəssüf... Teartın gələcəyi ilə bağlı heç nə deyə bilmərəm. Hər şeyi zaman göstərəcək".
"Axırıncı aşırım","Unudulan adam", "Hökm", "Babək" və başqa filmlərdə müxtəlif obrazlarla yaddaşlarda qalan Azərbaycanın xalq artisti Taryel Qasımov da məsələ ilə bağlı Mövqe.az-a açıqlama verdi. Taryel Qasımov da ilk olaraq Beynəlxalq Teatr Günü münasibəti ilə Azərbaycan tamaşaçısını, bütün aktyor və aktrisaları təbrik etdi: "Biz dövlət səviyyəsində heç vaxt teatr gününü qeyd etmirdik. 10 mart təqvimlə qanuni şəkildə Azərbaycanda qeyd olunmurdu. Sağ olsun Prezidentimiz, sərəncam verdi, artıq teatr günü qeyd olunacaq. Biz bu günü həmişə gözləmişik. Qaldı sizin sualınızın cavabına, mən sizə belə cavab verərdim ki, yaxşı tamaşa varsa, tamaşaçı hər bir vaxt gəlir. Tamaşaçııların az gəlməsinin günahı teatrlardadır. Onlar yaxşı tamaşa, pyes qoymurlar, peşəkar aktyor oyunu nümayiş etdirə bilmirlər, tamaşaçılar da gəlmir. Bu gün Gənc Tamaşaçılar Teatrında, öz işlədiyim teatrda biz tamaşaçı sarıdan korluq çəkmirik. Ən azından məktəblilər, tələbələr gəlirlər. Bir arada məktəblərə bilet verilməsi barədə qadağa qoyuldu. Bütün direktorlar bu haldan şikayətçi idilər. Uşaqlar özbaşına teatra gəlmirlər. Onları gərək məktəbdən gətirsinlər. Bu halda valideynləri də qınamalıyıq".
Xalq artisti bəzi aktyorların teatra gəlməyən tamaşaçıları günahlandırmasına da toxundu: " O aktyor yalan deyir. Yalan deyir ki, biz aktyorlar gözəl oynayırıq, amma tamaşaçı özü tamaşaya gəlmir. Aktyor yaxşı oynasa, onun fanatları olar və teatrlar boş qalmaz. Ümumiyyətlə, gözəl tamaşa, mükəmməl rejissor işi olmalıdır ki, tamaşaçı gəldiyi tamaşadan zövq ala bilsin".
T.Qasımov tamaşa biletlərini özü satan aktyor və aktrisaları da kəskin tənqid etdi: " Bunun günahı aktyorun özündədir. Olmaz! Mən hələ həyatımda heç kəsə bilet verməmişəm. Tamaşaçı özü gəlib maraqlanıb ki, Tariyel Qasımov bu gün oynayır, ya yox... Oynamadığım halda isə dəfələrlə olub ki, çıxıb gediblər".
Azərbayacanın əməkdar artisti Sabir Məmmədov da ilk əvvəl Beynəlxalq Teart Gününə toxundu: "Martın 10-da bizim bayramımızın keçrilməsi artıq rəsmləşdirilib. Düşünürəm, bizim üçün bundan gözəl hadisə yoxdur. Teatr geniş məhfumdur, yəni ki, aktyor, rejissor, dramtruq, bəstəkar, rəssam və s. məsələlər bir yerdə kontekst təşkil etməlidirlər. Tamaşaçı problemi isə menecerlerin, marketinqlə məşğul olan prodüsserlərin işidir".