Qarabağ məsələsində sülhə çağıran həmsədrlər sülh üçün əməli addımlar atmırlar

7 Fevral 2018 14:46 (UTC+04:00)

Minsk qrupuna həmsədrlik edən dövlətlər, digər ölkələr və qurumlar bəyan edirlər ki onlar Qarabağ münaqişəsinin sülh yolu ilə həllini istəyirlər. Bu istiqamətdə sözügedən qurumlar dəfələrlə bəyanatla çıxış edirək, münaqişənin yenidən alovlanmasının yolverilməz olduğunu bildiriblər. Amma nədənsə, konfliktin sülh yolu ilə həllini istəyən həmin qüvvələr bu istiqamətdə hələ də konkret addımlar atmayıblar. Münaqişənin sülh yolu ilə həllini istəyənlər eyni zamanda, həmin istəyin baş tutmasl üçün də real hərəkətə keçməlidirlər. Real hərəkət isə münaqişənin dinc və sülh yolu ilə həllinə əngəl olan qüvvə və yaxud dövləti sülhə gəlməyə məcbur etməkdən keçir. Ermənistan isə hamıya bəllidir ki, hər vəchlə münaqişənin həllinə deyil, status-kvo vəziyyətinin saxlanılmasına çalışır. Yəni, işğalçı ölkə sülhə gəlmək istəmir. Həmsədr ölkələr də mövcud vəziyyətə kənardan sakitcə baxmaqla kifayətlənirlər. Halbuki bəyan etdikləri kimi, münaqişənin sülh yolu ilə həllində maraqlıdırlarsa, ona maneə olan qüvvəni buna məcbur etməli idilər. 

Politoloq Elşən Mustafayevin fikrincə, Minsk qrupunda təmsil olunan həmsədr dövlətlər indilikdə problemin həllində maraqlı olmadığından, Ermənistanı sülhə gətirmək istiqamətində də konkret addımlar atmırlar: “Problemin sülh yolu ilə həllinə çağıran, amma bu istiqamətdə əməli addımlar atılması üçün nədən Ermənistana təzyiq edilmədiyini müəyyənləşdirmək üçün fikrimcə, Minsk qrupunun tərkibinə nəzər yetirmək kifayətdir. Burada olan həmsədrlər Rusiya, Fransa və ABŞ-dan ibarətdir. Yəni, qurumda əsas söz sahibləri problemi yaradan, indilikdə onun həllini istəməyən qüvvələrdən ibarətdir.  
Problemin əsas yaradıcısı Rusiyadır, Fransa isə erməni lobbisinin ciddi təsiri altındadır. Yəni Minsk qrupunda təmsil olunan dövlətlərin siyasi iradəsi ortalıqda yoxdursa,  onların problemin sülh yolu ilə həllinə maneə olan Ermənistanın üzərinə getməsi də baş verməyəcək. Minsk qrupunun işi məsələnin yalnız sülh yolu ilə həllindən ibarətdir. Bu qurum da məhz buna görə  yaradılıb. Belə olan halda onlar hər zaman münaqişənin ancaq sülh yolu ilə həllinə çağırmaqda davam edəcəklər. Növbəti çağırışlarda da bu məhz belə olacaq. Digər tərəfdən, onlar heç bir halda problemin həll olunmasını istəmədikləri, yaxud da bunu bacarmadıqlarını etiraf edən deyillər. Çünki ATƏT-in Minsk qrupundakı bu vəzifəyə onlar özləri üçün “çörək ağacı” kimi baxırlar. Minsk qrupunun bu günə qədər buraxılmaması da problemin həllini uzatmağa hesablanmış addımdır. Qrum problemin həllində ya maraqlı deyil, yaxud da bunu istəmir. Belə olan halda ATƏT-in Minsk qrupunun fəaliyyətinin dayandırılması ilə Azərbyacan beynəlxalq qaydalara uyğun olaraq işğal edilmiş torpaqlarımızı hərbi yolla azad etmək hüququndan istifadə etməyə məcbur olacaq və belədə ona heç kim heç nə deyə bilməyəcək. Amma Minsk qrupunun olması fonunda burada təmsil olunan həmsədrlər ən azından hərbi əməliyyatların başlamasına imkan verməyəcəklər. Zaman-zaman Azərbaycan hakimiyyəti də Minsk qrupunun fəaliyyətinin effektli olmadığını bəyan edib.  Amma buna baxmayaraq, qrup öz fəaliyyətini davam etdirir. Minsk qrupunda təmsil olunan üçlük arasında birlik də yoxdur. İkincisi, ATƏT-in problemin həllinə maneə olan güclərə təzyiq etmək imkanı yoxdur. Ona görə də məsələ bu fonda həll olunmayaraq getməkdə davam edir. Hətta bir çox dövlətlər problemin uzun müddətə dondurulmasını da təklif edib. Məsələn, aprel döyüşlərindən dərhal sonra Rusiya baş naziri Dmitri Medvedyev belə bir açıqlama ilə çıxış etdi. Bu da onun göstərir ki, problemin həllində maraqlı olmayan dövlətlər var. Belə davam edəcəyi təqdirdə isə, Azərbaycan son nəticədə digər vasitələrdən istifadə etməklə problemi həll etməli olacaq. Ona görə də Minsk qrupu həmsədrlərinin fikirlərinə ciddi yanaşmıram”.
Politoloq Məmməd Əlizadə düşünür ki, həmsədr ölkələr münaqişənin həllində maraqlı deyillər: “Həmsədrlər hər dəfə problemin sülh yolu ilə həll edilməli olduğundan dəm vururlar. Biz də sülh yolu ilə məsələnin həllini istəyirik. Amma hər kəsə, o cümlədən Misnk qrupunda təmsil olunan həmsədr ölkələrə də bəllidir ki, Ermənistan heç zaman sülh yolu ilə problemin həllinə getməyəcək. Çünki, işğalçı ölkə mövcud status-kvo vəziyyətinin qalmasında maraqlıdır. Lakin buna baxmayaraq, Ermənistana “gözün üstə qaşın var” deyən yoxdur. Həmsədr ölkələr belə Ermənistanın ipə-sapa yatmayan hərəkətlərinə göz yumurlar. 
Fikrimcə, ATƏT-in Minsk qrupu problemin sülh yolu ilə həllinə çağırsa da, bu istiqamətdə real addımlar atmamaqla, əslində, konfliktin həll edilməsində maraqlı olmadıqlarını ortaya qoymuş olurlar. Çünki sülh yolu ilə həllə çağıran təşkilat eyni zamanda, həmin yolun hamar olmasına maneə olan qüvvəni də neytrallaşdırmalıdır. Amma həmsədr ölkələr bunu etmir, Ermənistana təzyiq göstərmirlər. Deməli, özləri indilikdə problemin həll olunmasında maraqlı deyillər. 
Digər tərəfdən, xristian təəssübkeşliyi də burada öz sözünü deyir. Sözdə ABŞ, Rusiya və Fransa beynəlxalq hüququn aliliyini, sərhədlərin toxunulmazlığını bildirsələr də, reallıqda digər məsələlər kimi, Dağlıq Qarabağ konfliktinin həllinə də ilk növbədə öz maraqları prizmasından yanaşırlar”. 

Rüfət NADİROĞLU