Ölkədə satılan məişət məmulatlarının yarıdan çoxu kreditlə həyata keçrilməkdədir. Lakin araşdırmalar bir daha göstərir ki, kreditlə məhsul satışından daha çox xeyir götürən banklar və mağazalardır. Məhsul üçün təklif olunan kredit faizlərinin yüksək olması isə müştərilərin daha çox zərərə düşməsinə səbəb olur.
Lakin problem təkcə qeyd edilənlərlə məhdudlaşmır. Bəzən kreditlə yüksək qiymətə alınan məhsul xarab çıxdıqda mağazalar həmin məhsulu geri götürməkdən imtina edirlər. Bir sıra mağazalarda isə belə elanlar da yerləşdirilir ki, alınan məhsullar geri qaytarılmır. Banklar isə məhsulun zay olmasına baxmayaraq, kreditləri və faizlərini vaxtında ödəməyi tələb edirlər. Alınmış məhsula görə bir sıra hallarda zənamət talonlarının olmaması isə yekun nəticədə müştərinin mağaza və bankın diqtəsi ilə hərəkət etmək məcburiyyətində qalmasına səbəb olur.
Düzdür, İstehlakçıların hüquqlarının müdafiəsi haqqında qanunun 15-ci maddəsində olduğu kimi müştəri alınmış pis keyfiyyətli malı alınma günü sayılmamaq şərti ilə 14 gün ərzində geri qaytarmaq və yaxud həmin malı lazımi keyfiyyətli mala dəyişdirmək hüququna malikdir. Müştəri tərəfindən əldə edilmiş lazımi keyfiyyətli mal istifadə olunmayıbsa və onun əmtəə görünüşü, istehlak xassələri, plombu, yarlığı, həmçinin, mal və yaxud kassa qəbzi və ya ona mal ilə birlikdə verilmiş digər sənədləri saxlanılıbsa, bu hallarda müştəri onu dəyişdirə və yaxud geri qaytara bilər. Lakin mağazaların çoxu müştərinin xarab malın qaytarılmasında sonadək israralı olmadığını görüb qanunvericiliyə əməl etməkdən imtina edirlər.
Onu da bildirək ki, əgər müştəri ilkin ödənişi məhsulu aldığı ticarət mərkəzində edibsə, onda həmin məbləği mağaza ona geri qaytarmalıdır. Əgər malın alınması üçün istehlak krediti müştəriyə heç bir bankın və ya maliyyə-kredit təşkilatının iştirakı olmadan birbaşa satışı həyata keçirənin dükanın özü tərəfindən təqdim olunubsa, onda smüştəri etdiyi ödənişlərin qalan hissəsini də elə həmin dükandan tələb etməlidir. Yox əgər kreditin rəsmiləşdirmə prosedurası bank vasitəsi ilə həyata keçibsə, qanunvericiliyə əsasən satıcı pul vəsaitini banka qaytarmalı, müştəri isə həmin vəsaiti bankın kassasından əldə etməlidir. Bu zaman dükan tərəfindən pul vəsaitlərinin banka qaytarılması alıcı və müştəri arasında alı-satqı haqqında razılaşma müqaviləsinin pozulmasından 10 gündən gec olmamaq şərti ilə həyata keçirilməlidir.
Lakin bir sıra mağazalar və banklar əksər hallarda bundan imtina edirlər. Müştərinin isə hüquqlarının dalınca sona qədər getməmsi bank və mağazaların lehinə işləyir. Ekspertlər onu da bildirir ki, vətəndaşlar hər hansı məişət avadanlığı alarkən onun zəmanət kağızını almalıdır. Yəni, istehlakçı hər hansı malı alarkən ilk növbədə onun keyfiyyəti ilə bağlı ticarət obyektindən zəruri məlumatları tələb edə bilər. Eyni zamanda, istehlakçı aldığı malların, o cümlədən məişət texnikasının keyfiyyətini, komplektliyini, ölçüsünü, çəkisini, qiymətini yoxlamaq, malların düzgün və təhlükəsiz istifadəsini nümayiş etdirmək hüququna malikdir. Satıcı isə istehlakçının bu tələblərini yerinə yetirməyə borcludur. Ticarət obyekti texniki cəhətdən mürəkkəb malları satışa müvafiq qaydada hazırlamalı, sazlanması işlərini aparmalıdır. Texniki cəhətdən mürəkkəb olan malların satışı zamanı obyekt onların yoxlanması üçün müvafiq şərait yaratmalıdır. Lakin hazırda bir çox mağazalarda buna da riyaət olunmur.
Halbuki, "İstehlakçıların hüquqlarının müdafiəsi haqqında" Azərbaycan Respublikası Qanununun 7-ci maddəsində birmənalı şəkildə qeyd olunub ki, satıcı istehlakçıdan lazımi keyfiyyəti olmayan malı geri götürməyə və bu maddənin birinci bəndində göstərilən istehlakçının tələblərindən birini yerinə yetirməyə borcludur.
İstehlakçının aldığı məişət texnikasında yaranan qüsurların aradan qaldırılması ilə bağlı tələbinə, qəbz, mal və ya kassa çeki, zəmanət müddəti olan mallar üzrə isə texniki pasport və ya onu əvəz edən digər sənəd təqdim edildikdə baxılır. Eyni zamanda, hər bir istehlakçı bilməlidir ki, bu mallar zəmanət müddəti ilə satılmalıdır. Zəmanət müddəti zəmanət talonunda və ya nişanlama kağızında, yaxud mala əlavə olunan digər sənəddə göstərilməlidir. Mal zəmanət müddəti ilə satılarkən, satıcı məmulatın pasportunda malın bu obyektdən alındığını və malın satıldığı tarixi təsdiq edən ştamp vurur. Bu müddət ərzində alınan malda qüsur və ya saxtalaşdırma aşkar edilərsə istehlakçı qanunvericiliklə müəyyən edilmiş hüquqlarını tələb edə bilər.