Azərbaycan-Türkiyə iqtisadi əlaqələri müzakirə olunub

12 Fevral 2018 15:42 (UTC+04:00)

İzmirdə fəaliyyət göstərən Azərbaycan Qardaşlıq və Əməkdaşlıq Dərnəyinin təşkilatçılığı ilə 10 fevral 2018-ci il tarixində “Azərbaycanın son iqtisadi inkişafı: Azərbaycan-Türkiyə əlaqələri” mövzusunda konfrans keçirilib. Konfransda Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Maliyyə və mühasibat fakültəsinin dekanı Gəray Musayev, Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) dosenti Elşən Bağırzadə mövzu ilə bağlı çıxış ediblər. 

Konfransda Azərbaycan iqtisadiyyatının müstəqillikdən sonrakı inkişafı, günümüzdəki vəziyyəti və Türkiyə ilə olan iqtisadi əlaqələri müzakirə olunub. Çıxışçılara təşəkkürnamə təqdim edən cəmiyyətin sədri Dr. Asif Kurban, cəmiyyət olaraq Azərbaycanın tanıdılması ilə bağlı digər fəaliyyətlərlə birgə, elmi tədbirlərə önəm verdiklərini, bu konfransın mövzu etibarilə əhəmiyyətli olduğunu,Azərbaycan-Türkiyə arasında iqtisadi münasibətlərin daha inkişafının vacibliyini vurğulayaraq,onlara təşəkkür edib. 

Tədbirdə İzmirdə yaşayan soydaşlarımız, cəmiyyətin üzvləri, müxtəlif qeyri-hökümət təşkilatların sədrləri, media nümayəndələri, İzmirdə fəaliyyət göstərən universitetlərin elmi əməkdaşları və tələbələr iştirak ediblər. Konfrans sonunda iştirakçıların sual-cavabları ilə davam edib.