İşə qəbul üçün imtahan verən həkimlərin 40 faizə qədəri kəsilib
28 Mart 2013 16:30 (UTC+04:00)
"Mərkəzləşdirilmiş qaydada işə qəbulu üzrə imtahan verən həkimlərin
60 faizə qədəri imtahanda müsbət nəticə göstərib. 40 faizdən bir
qədər azı isə imtahandan kəsilib. 44 həkim bu imtahanda uğursuz
nəticə göstərib. İmtahanda 110 həkim iştirak edir. Yerdə qalan 40
həkim isə aprelin 2-də imtahana qatılacaq".
Bu məlumatı Movqe.az-a Səhiyyə Nazirliyinin mətbuat xidmətinin
rəhbəri Anar Qədirli verib.Qeyd edək ki, Səhiyyə Nazirliyinin
Sertifikasiya Komissiyasında təşkil olunan qəbul imtahanında
iştirak etmək üçün həkimlərin sənədlərinin qəbulu fevralın 18-dən
martın 19-dək aparılıb. Bir ay ərzində 2000-dən çox vakant yerdən
yalnız 100-nə 150 nəfər sənəd verib. Bu gün keçirilən imtahanda
birinci mərhələdə test imtahanı zamanı namizədlər ümumilikdə 50
suala cavab veriblər ki, bunun 40-ı sırf ixtisasla, 10-u isə
müvafiq qanunvericiliklə bağlı olub. Test imtahanında uğur qazanan
namizədlər müsahibə mərhələsinə buraxılacaqlar. Qeyd edək ki, bu
ildən etibarən "Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci
illər üçün Milli Fəaliyyət Planı"nın icrası ilə bağlı Səhiyyə
Nazirliyi Kollegiyasının 18 yanvar 2013-cü il tarixli 3 nömrəli
qərarına əsasən Səhiyyə Nazirliyinin tabeçiliyində olan tibb
müəssisələrində vakant elan edilmiş yerlərə həkimlərin işə qəbulu
mərkəzləşdirilmiş qaydada aparılır.