Müdafiə Nazirliyindən Xankəndi aereportu ilə bağlı bəyənat:"Bizim bu məsələdə mövqeyimiz dəyişməyib"
29 Mart 2013 11:19 (UTC+04:00)
"Bizim bu məsələdə mövqeyimiz dəyişməyib. Azərbaycanın hava
məkanını pozan, xəbərdarlığa məhəl qoymayan istənilən təyyarə
vurulacaq. Azərbaycanın işğal altında olan Xankəndi şəhərinə mülki
təyyarələrin uçuşlar keçirəcəyi ilə bağlı Ermənistan tərəfindən
kimin nə açıqlama verməsindən asılı olmayaraq, biz bu məsələ ilə
bağlı mövqeyimizi bildirmişik".
Bu sözləri Movqe.az-a Müdafiə Nazirliyinin mətbuat xidmətinin
əməkdaşı Teymur Abdullayev
Ermənistan höküməti yanında Mülki Aviasiya Baş İdarəsinin (MABİ)
Xankəndi şəhərində mülki təyyarələrin uçuşlarına icazə veriləcəyi
ilə bağlı açıqlamasına münasibətində söyləyib. T. Abdullayev
bildirib ki, artıq Azərbaycan Müdafiə Nazirliyi bununla bağlı
bəyanatını verib. Qeyd edək ki, Xankəndi aereportunun uçuşlara
başlayacağı barədə İrəvanda jurnalistlərə Ermənistanın Mülki
Aviasiya Baş İdarəsinin rəisi Artyom Movsisyan məlumat verib.O,
bildirib ki, uçuşlar beynəlxalq təşkilatların qaydalarına uyğun
həyata keçiriləcək: "Biz o qaydalardan bir addım belə kənara
çəkilmək istəmirik. Çox şey Dağlıq Qarabağın aviasiya qurumlarının
fəal işindən asılıdır. Əgər onlar işlərini yekunlaşdırsalar – biz
hazırıq".
A. Movsisyan onu da qeyd edib ki, eniş zolağı
yaxşı vəziyyətdədir, uçuşların təhlükəsizliyi tamamilə təmin
olunub, sadəcə təyyarələrə göstəriləcək xidmətlə bağlı bir neçə
kiçik həll olunmamış texniki məsələ qalıb.
Hərbi ekspertlər isə Ermənistan tərəfin belə əmin danışmasının heç
də Xankəndi aereportunun təhlükəsiz uçuşlar keçirəcəyi anlamına
gəlmədiyini bildirirlər. Ekspert Yaşar Cəfərli Movqe.az-a
açıqlamasında bildirib ki, işğalçı Ermənistanın Xankəndi
aeroportunu işə salmaq niyyəti baş tutmayacaq: "Bu aeroportda
uçuşların aparılması Azərbaycanın razılığı olmadan heç bir halda
mümkün deyil. Çünki, həm hüquqi baxımdan, həmdəki müdafiə
baxımından üstünlük Azərbaycan tərəfindədir. Beynəlxalq sənədlərdə,
hüquqi aktlarda hər hansı ölkənin hava məkanının pozulması
yolverilməzdir. Dağlıq Qarabağ ərazisi beynəlxalq səviyyədə,
beynəlxalq uçuşların aparılması üçün bağlı ərazi sayılır. Odur ki,
belə bir vəziyyətdə Dağlıq Qarabağ ərazisində hər hansı
beynəlxalq uçuş aparılarsa, bu Azərbaycanın hava məkanının
pozulması kimi qiymətləndiriləcək. Beynəlxalq hüquqi aktlar və
Nazirlər Kabinetinin təsdiqlədiyi qaydalar imkan verir ki,
Azərbaycan tərəfi həmin təyyarələri vursun".
Y. Cəfərli deyir ki, Hərbi Hava Qüvvələrinin hava məkanını pozan
təyyarələri yerə salması ilə bağlı prosedurları var: "Belə halda
Azərbaycan tərəfi öncə hava məkanını pozan təyyarəyə bu barədə
xəbərdarlıq siqnalları göndərəcək. Əgər təyyarə hava məkanını
pozmaqla bağlı Azərbaycan tərəfinin xəbərdarlığına məhəl qoymazsa,
heç şübhəsiz ki, həmin təyarə vurulacaq. Bunun üçün
Azərbaycan tərəfinin hərbi imkanları da var. S-300 raketləri
vasitəsilə hava məkanımızı pozan təyyarələrin vurulması mümkündür.
Ermənistan tərəfi də bunu yaxşı bilir".
Odur ki, Y. Cəfərli Ermənistan tərəfinin Xankəndi aereportundan
istifadəsinin xülya olaraq qalacağını söyləyir.