TQDK Aqiyə Naxçıvanlıya cavab verdi
29 Mart 2013 14:25 (UTC+04:00)
"İbtidai təhsilin pedaqogikası və metodikası ixtisası üzrə
qabiliyyət imtahanının keçirilməsi hələki gündəmdə deyil".
Bu sözləri Movqe.az-a Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının
(TQDK) mətbuat xidmətinin rəhbəri Elnur Nağızadə Milli Məclisin
deputatı, Azərbaycan Müəllimlər İnistutunun rektoru Aqiyə
Naxçıvanlının ibtidai sinif müəllimlərinin qabiliyyət imtahanından
keçirilməsi təklifinə cavab olaraq söyləyib. E. Nağızadə bildirib
ki, ümumiyyətlə ibtidai təhsilin pedaqogikası və metodikası
ixtisası üzrə qabiliyyət imtahanının keçirilməsi TQDK-da müzakirə
edilməyib. TQDK səlahiyyətlisi hazırda 5 istiqamət üzrə qabiliyyət
imtahanlarının keçirildiyini söylədi.
Qed edək ki, A. Naxçıvanlı mətbuata açıqlamasında ibtidai sinif
müəllimlərinin test imtahanları ilə yanaşı qabiliyyət
sınağından da keçməli olduğunu söyləyib. Millət vəkili bu fikrini
belə əsaslandırıb: "Xüsusən spesifik və dar çərçivəli ixtisaslar
üzrə belə bir addımın atılması zəruridir. Bəzən elə olur ki,
abituriyentlər ixtisas seçimi zamanı səhvə yol verirlər. Ümumi
fənnlərdən imtahan verməklə onlar ali məktəbə daxil olsalar da,
sonradan konkret ixtisaslar üzrə axsadıqları faktı ortaya çıxır.
Biz bunu öz təcrübəmizdə dəfələrlə müşahidə etmişik. Lakin
qabiliyyət imtahanlarının tətbiqi abituriyentlərə imkan yaradacaq
ki, onlar daha düzgün seçim etsinlər. Misal üçün ibtidai sinif
müəllimləri, incəsənət, musiqi, fiziki hazırlıq tələb edən sahələr
üzrə qabiliyyət imtahanlarının təşkili mütləqdir. Bu zaman
abituriyentlərin həm orta məktəb səviyyəsində biliklərini
qiymətləndirmək, həm də qəbul olunmaq istədiyi ixtisas üzrə
qabiliyyətini dəyərləndirmək mümkündür".