Azərbaycanın dövlət və hökumət qurumlarının mətbuat xidməti rəhbərləri Türkiyədə olublar

31 Mart 2013 17:43 (UTC+04:00)
Azərbaycanın dövlət və hökumət qurumlarının mətbuat xidməti rəhbərlərindən ibarət heyət martın 24-dən 29-dək Türkiyədə səfərdə olub. Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun və Türkiyə Nazirlər Kabineti yanında fəaliyyət göstərən Türk İşbirliyi və Koordinasiya Agentliyinin (TİKA) Azərbaycan nümayəndəliyinin birgə təşkilatçılığı ilə baş tutan səfərdən məqsəd mətbuat xidməti və ictimaiyyətlə əlaqələr sektorunun iş prinsiplərinə dair təcrübə mübadiləsini bölüşməkdən, həmçinin Türkiyə mediasının mətbuat xidmətləri ilə qarşılıqlı fəaliyyəti ilə tanışlıqdan ibarət olub.

Səfər proqramına Ankaradan start verilib. Burada öncə TİKA başqanı Sərdar Çamla görüş keçirilib. TİKA-nın Azərbaycan nümayəndəliyinin sabiq rəhbəri Salih Polatın da qatıldığı görüşdə Azərbaycan və Türkiyə arasındakı əməkdaşlığın ayrı-ayrı istiqamətlərinə dair ətraflı fikir mübadiləsi aparılıb, TİKA-nın ölkəmizdəki fəaliyyətinin müxtəlif tərəflərinə diqqət yetirilib, perspektiv əlaqələr baxımından təkliflər səsləndirilib.

Nümayəndə heyətinin üzvləri sonra TRT-yə baş çəkiblər. Kanalın genel müdiri İbrahim Şahinlə söhbət əsnasında hər iki ölkə nümayəndələrinin qarşılıqlı təcrübə mübadiləsinin vacibliyi vurğulanıb, mövcud istiqamətdə görülmüş işlərə nəzər salınıb. Görüş TRT-nin redaksiyalarındakı təmaslarla davam etdirilib.

Azərbaycan nümayəndə heyətinin üzvlərini Türkiyənin Basın, Yayın və İnformasiyon genel müdiri Murat Karakaya da qəbul edib. Görüşdə qloballaşan dünyada informasiyanın oynadığı rol ətrafında diskussiyalar aparılıb. M.Karakaya ölkəsinin media sahəsində həyata keçirdiyi siyasətin müxtəlif tərəflərindən danışıb. O, türk dünyası mediasının konsolidasiyası məsələlərinə diqqət yetirərək bildirib ki, mövcud istiqamətdə Azərbaycanla olan iş birliyinin əhəmiyyəti böyükdür. Xüsusən də Türkdilli Ölkələrin və Toplumların Media Forumu və Media Birliyi üzərində dayanan M.Karakaya qarşılıqlı əməkdaşlığın səmərəliliyinin artırılması üçün təcrübə mübadiləsinin daha da gücləndirilməsinin vacibliyini vurğulayıb.

Ankarada baş tutan növbəti görüş Türkiyə Böyük Millət Məclisinin komissiya sədri, Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Necdət Unüvarla olub. Cənab Ünüvar bildirib ki, ölkələrimizi birləşdirən ortaq mənafelərin və dəyərlərin daha məqsədyönlü şəkildə dünyaya çatdırılması üçün birgə təmaslara hər zaman böyük ehtiyac var. Komissiya rəhbəri bu mənada Azərbaycandan olan səfərlərin hər zaman böyük əhəmiyyət daşıdığına diqqət çəkib.

Azərbaycan nümayəndə heyəti üzvlərinin Türkiyə səfərinin növbəti məkanı ölkənin qədim şəhərlərindən biri sayılan Konya olub. Burada onlar şəhərin tarixi yerlərinə ziyarət etməklə yanaşı, zəngin müasir təhsil strukturuna malik Mövlanə Universitetinə də baş çəkiblər. Təhsil ocağı rəhbərliyi ilə baş tutan görüşdə bildirilib ki, dünyanın bir çox yerlərindən tələbələrin oxuduqları universitet həm tələbə kontingentinin rəngarəngliyi səbəbindən, həm də təcrübə mübadiləsi nöqteyi-nəzərdən xarici aləmlə aktiv əməkdaşlığa malikdir.

Səfərin İstanbul proqramı çərçivəsində Türkiyənin "Zaman" qəzetində, "Kanaltürk", "Samanyolu" telekanallarında görüşlər keçirilib. Görüşlərdə Azərbaycanla Türkiyənin media sahəsindəki əməkdaşlığı məsələlərinə geniş yer verilməklə yanaşı, sözügedən kütləvi informasiya vasitələrinin dövlət qurumları ilə əlaqələrinin müxtəlif istiqamətlərindən söhbət açılıb, oxşar və fərqli məqamların təhlili aparılıb.

Qeyd edək ki, Türkiyə səfərində təşkilatçı qurumların təmsilçiləri ilə yanaşı, Azərbaycan Respublikası Daxili İşlər, Mədəniyyət və Turizm, Gənclər və İdman, Vergilər, Maliyyə, Ədliyyə Nazirliklərinin, Mərkəzi Seçki Komissiyasının, Dövlət Sosial Müdafiə Fondunun, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin, "Bakıelektrikşəbəkə"nin və Azərbaycan Mətbuat Şurasının nümayəndələri iştirak ediblər.