İlham Əliyev Bolqarıstanın Baş naziri Boyko Borisovu qəbul edib

27 Aprel 2012 20:36 (UTC+04:00)

Movqe.az AzərTac-a istinadən xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 26-da Bolqarıstan Respublikasının Baş naziri Boyko Borisovu qəbul edib.

Azərbaycan-Bolqarıstan ikitərəfli münasibətlərinin müxtəlif istiqamətlərdə, o cümlədən iqtisadi sahədə yüksələn xətlə inkişaf etdiyini vurğulayan Prezident İlham Əliyev ölkələrimiz arasında ticarət dövriyyəsinin səviyyəsinin razılıq doğurduğunu dedi. Dövlətimizin başçısı Bolqarıstanın Baş naziri Boyko Borisovun Azərbaycana səfərinin ikitərəfli münasibətlərimizin yeni istiqamətlərinin müəyyənləşdirilməsi baxımından əhəmiyyətini qeyd etdi və səfərin uğurlu olacağına əminliyini bildirdi.

Baş nazir Boyko Borisov Bolqarıstan ilə Azərbaycan arasında yaxşı əməkdaşlıq ənənələrinin mövcudluğunu vurğulayaraq, əlaqələrimizin genişləndirilməsi üçün böyük imkanların olduğunu qeyd etdi.

Sonra görüş nümayəndə heyətlərinin iştirakı ilə davam etdirildi.

Dövlətimizin başçısı Baş nazir Boyko Borisovun böyük nümayəndə heyəti ilə ölkəmizə səfərinin önəmini qeyd etdi. Prezident İlham Əliyev ölkəmizin Bolqarıstan ilə ikitərəfli əlaqələrin konkret layihələrlə daha da genişləndirilməsində maraqlı olduğunu dedi. İqtisadi sahədə əlaqələrə toxunan dövlətimizin başçısı enerji sektorunda əməkdaşlığın genişləndirilməsi üçün yaxşı potensialın olduğunu vurğuladı, nəqliyyat, turizm, informasiya texnologiyaları, kənd təsərrüfatı və digər sahələrdə əməkdaşlığı inkişaf etdirməyin önəmini qeyd etdi. Prezident İlham Əliyev Bolqarıstanın Baş naziri Boyko Borisovun ölkəmizə səfərinin ikitərəfli münasibətlərimizin daha da möhkəmləndirilməsi baxımından konkret nəticələr verəcəyinə əminliyini ifadə etdi.

Bolqarıstanın Baş naziri Boyko Borisov müzakirə olunan məsələlərin xalqlarımız və ölkələrimiz arasında əlaqələrin daha da genişləndirilməsi işinə xidmət edəcəyinə ümidvar olduğunu bildirdi. Baş nazir ayrı-ayrı sahələrdə əməkdaşlığımızın inkişafı ilə bağlı qarşıda duran məsələlərin həyata keçirilməsi üçün müvafiq struktur rəhbərlərinin qarşılıqlı səfərlərinin əhəmiyyətini vurğuladı.

Sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Bolqarıstan Respublikasının Baş naziri Boyko Borisov birgə nahar etdilər.


Tural QABİLOĞLU