Respublika üzrə əhalinin hər 100 nəfərinə 18,6 ədəd telefon aparatı düşür

30 Aprel 2012 17:55 (UTC+04:00)

Movqe.az xəbər verir ki, respublikada sabit telekommunikasiya sektorunun inkişaf etdirilməsi yeni texnologiyaların tətbiqi, keyfiyyətli və dayanıqlı telefon rabitəsinin təşkili məqsədilə həyata keçirilmiş investisiya layihələri çərçivəsində 2012-ci ilin birinci rübü ərzində  4  ədəd yeni EATS istismara verilib.

Bundan başqa,  2 ədəd ATS rekonstruksiya olunub, 6 ədəd ATS-də isə genişləndirmə işləri aparılıb. Nəticədə respublikanın ümumi telefon şəbəkəsi üzrə montaj tutumu  3 000 nömrə artırılaraq, ölkə üzrə ümumistifadəli sabit telefon şəbəkəsinin tutumu 1 733 607 nömrəyə çatdırılıb.

Hazırda Bakı Telefon Rabitəsi İstehsalat Birliyi  və "Aztelekom" İB şəbəkələrində CDMA texnologiyalı simsiz telefon rabitəsi xidmətlərinin əhatə dairəsi respublika əhalisinin təxminən 80 faizə qədərinin yaşadığı  ərazini əhatə  etmiş və  abunəçilərin sayı 29079 ədəd ( o cümlədən BTRİB üzrə 8888 ədəd, "Aztelekom" İB üzrə 20191 ədəd) təşkil edir.

Həyata keçirilmiş tədbirlər nəticəsində hesabat dövründə əsas telefon aparatlarının ümumi sayı 3043 ədəd artırılaraq 1 468 478 ədəd olub.

Respublika üzrə əhalinin hər 100 nəfərinə düşən telefon  aparatlarının  sayı   isə 18,6 ədədə bərabər olub. Bu göstərici Bakı şəhərində 36,4 ədəd, respublikanın digər ərazilərində 10,99 ədəd, kənd yerlərində isə 7,1 ədəd təşkil edir.

Eyni zamanda, hər 100 ailəyə düşən telefon  aparatlarının  sayı 68,8 ədəd, bu göstərici Bakı şəhəri üzrə 136,5 ədəd, respublikanın digər ərazilərində isə 47,53 ədəd olub.


Tural QABİLOĞLU