Ziyafət Əsgərov müxalifəti fakt qarşısında qoydu

1 May 2012 22:46 (UTC+04:00)

"Azərbaycan müxalifətinin ölkəmizi istəməyən bəzi xarici qüvvələrlə əlbir olması və onlardan qidalanması bəllidir. Bununla bağlı əlimizdə kifayət qədər fakt var. Vaxtı gələndə onlar açıqlana bilər".

Bunu Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov bildirib.

O deyib: "Əgər bu gün Azərbaycan müxalifəti ölkəmizin milli maraqlarını qorusaydı, heç olmasa aksiyalara 1 ay müddət verərdilər. Amma onlar vətəndaş mövqeyindən çıxış etmirlər. Mən müxalif qüvvə olsaydım, aksiyalara bir müddət ara verərdim və bununla da Azərbaycan cəmiyyətinin vahid mövqe nümayiş etdirdiyini dünyaya göstərərdim. Buna baxmayaraq, aksiyalar üçün yerlər ayrılıb".

Z.Əsgərov bəzi xarici qüvvələrin Azərbaycanın əleyhinə çıxışlarına da münasibət bildirib: "Onlar Azərbaycanın qısa müddətdə əldə etdikləri uğurlara qısqanclıqla yanaşırlar. Ona görə də Azərbaycana qarşı belə qarayaxma kampaniyası başladıblar. Çox təəssüf ki, Azərbaycanda da bəzi qüvvələr onların dəyirmanına su tökür".

Ziyafət Əsgərov almaniyalı deputat Kristofer Ştrasserin fikirlərinə münasibət bildirib.

Milli Məclis sədrinin birinci müavini deyib ki, Kristofer Ştrasserin mövqeyi cəfəngiyyatdır və heç bir əsası yoxudr. O, adi bir vətəndaşdır. Kimlərsə öz məqsədləri üçün Azərbaycanda şou yaratmaq istəyirlər və bu, baş tutmayacaq.

Xatırladaq ki, Avropa Şurası Parlament Assambleyasının alman deputatı Kristofer Ştrasser Azərbaycanın ev sahiblik edəcək "Avroviziya" mahnı müsabiqəsini baykot etməyə çağırıb. O deyib ki, Azərbaycanda insan haqları pozulduğu üçün belə bir müsabiqənin keçirilməsi məqsədə uyğun deyil.


MOVQE.AZ