Azərbaycan yunan adalarını, hava limanlarını ala bilər

1 May 2013 08:47 (UTC+04:00)

Artıq bir neçə ildir ki, iqtisadi böhranın əlində əsir qalan Yunanıstan hələ də üzləşdiyi problemlərdən xilas ola bilmir. Avropa Birliyindən alınan böyük həcmdə borclar da yaranmış çətinliklərin həllinə imkan vermir.

Vəziyyətdən çıxış yolu kimi rəsmi Afina artıq ona məxsus adaları, hökumət binalarını, hava və dəniz limanlarını, dəmiryolu şəbəkəsini, qazpaylayıcı sistem şəbəkəsini satışa çıxarıb. Bütün bunları almaq istəyən dövlətlərin də sayı az deyil. Onlar sırasında Azərbaycanın da yer alması Yunanıstanın özünün də marağındadır. Hər halda Yunanıstanın xarici işlər naziri Dimitris Avramopoulosun açıqlamaları da bu qənaətə gəlməyə əsas verir. O vurğulayıb ki, Yunanıstan hər zaman xarici investisiyalar üçün açıqdır və azərbaycanlı iş adamlarını investisiyalar yatırmaq məqsədilə ölkəsinə dəvət edib.

Qeyd olunuduğu kimi isə Yunanıstanda sərmayə yatrılacaq obyektlər çoxdur. Onlar sırasında yunan adaları olduqca cəlbedici görünür. Hazırda sayı 2000-i keçən yunan adalarından yalnız 227-də məskunlaşam var. Digərlərini isə Afina da satış və ya uzunmüddətli icarə üçün məqbul hesab edir. Qiymətlər isə fərqlidir. Məsələn, Egey dənizində yerləşən Nafsik və İon adalarını 15 milyon avroya almaq olar. Düzdür, onların sahəsi elə də böyük deyil. Lakin burya sərmayə qoymaqal həmin adaları yaxşı turizm məkanına çevirmək olar. Bundan başqa yunan hökuməti dövlət əmlakında olan binaları satışa çıxarmaq istəyir. Bununla bağlı ilk sövdələşmənin cari ilin iyulunda baş tutması gözlənir. Ümumilikdə 28 belə binanın siyahısı hazırlanıb. Burada bir neçə nazirlik, polis və vergi orqanlarının binaları da yer alır. Satışa çıxarılacaq və kirayəyə veriləcək dövlət binaları arasında Afina Polis İdarəsi, Daxili İşlər Nazirliyinin mərkəzi binası, Səhiyyə, Ədliyyə, Təhsil, Mətbuat Nazirliklərinə aid binalar var. Messinia, Kozani hava limanı, Leros və Skiros adası ilə digər adalardakı bəzi kiçik hava limanlarının hamısının, ya da bir qisminin özəl sektora təhvil verilməsi də yunanların maraq dairəsindədir. Yunanıstan dəmiryolu şəbəkəsi də özəlləşdirməyə çıxarılır. Özəlləşdirmə prosesinə cari ilin sentyabrında start veriləcək. Maliyyə imkanları kifayət qədər yüksək olan Azərbaycan yuxarıda göstərilən yunan obyektlərinin alışı və özəlləşdirilməsində iştirak etmək və istədiy nəticəni əldə etmək iqtidarındadır. Hzırda isə Azərbaycanı daha çox maraqlandıran Yunanıstan qaz şirkəti olan DEPA-dır. Qeyd edək ki, Yunanıstan qaz şirkəti uğrunda Rusiyanın "Qazprom" və "Sintez" şirkətlərilə rəqabətə girən ARDNŞ əsas alıcılardan biri sayılır. Xatırladaq ki, Yunanıstan Yaxın Şərq və Xəzər enerji ehtiyyatlarının Avropaya çatdırılması baxımından strateji önəmə malik ölkədir. DEPA isə interkonnektorlar vasitəsilə Avropanın cənub-şərqindəki qaz bazarları şəbəkəsinin birləşdirilməsində mühüm əhəmiyyətə malikdir.

"Sberbank" SİB şirkətinin təhlilçisi Valeri Nesterov məsələ ilə bağlı bildirib: "Yunanlar üçün qiymət olduqca cazibədardır. Lakin qərarın yunanların xeyrinə olacağını demək, hələ çox erkəndir". Təhlilçi belə vəziyyətdən 3 çıxış yolunun olduğunu bildirib: "Birinci - yunanlar öz şirkətlərini Rusiya konserninə satırlar. İkinci - Azərbaycanın Avropaya göndərəcəyi 20-25 milyard kubmetr qazdan bir hissəsinin Yunanıstana ayrılacağını nəzərə almaqla ARDNŞ qalib gəlir. Və üçüncü - "Total" və "Shell" kimi digər qüdrətli oyunçuları cəlb etmək üçün tender təxirə salınır". Qeyd edək ki, ARDNŞ Yunanıstan şirkətini alsa, o zaman Azərbaycan qazının Avropa bazarlarına çıxarılması üçün mühüm infrastrukturu da öz nəzarətinə almış olacaq və bu da Rusiya üçün sərfəli deyil. Xatrladaq ki, Mərkəzi Afinada yerləşən DEPA 1988-ci ildə yaradılıb. Səhmlərinin 65 faizi dövlətə, 35 faizi isə "Hellenic Petroleum" adlı özəl şirkətə aiddir.

Bu arada onu da bildirək ki, bir müddət əvvəl Yunanıstan bəzi ərəb ölkələri ilə ortağı olduğu "Hellas Sat" peykinin səhmlərini satıb. Məlumata görə, Yunanıstanın "OTE" telekommunikasiya şirkətinə aid peykin səhmlərinin 99.05 faizini "Arab Sat" şirkəti 208 milyon avroya alıb. "Hellas Sat"ın 0.95 faizlik hissəsi isə Yunanıstan hava sənayesinin balansındadır.