Türklüyün yaşanması-İnsanlığın xilasıdır
2 May 2013 10:29 (UTC+04:00)
Hər il mayın 3-ü Türklük Günü kimi qeyd edilsə də, hələ türkün
özünəməxsus özəllikləri ömürləşməyib. Dünyanın indiki ruhsuz halı
türklərin də yaşamına öz dərin təsirini göstərməkdədir. Dünya
dəhşətli dərəcədə eyniləşir. Bu ilk olaraq türklüyümüzə zərbə
vurur. Sayını unutduğumuz tədbirlərdə türklüklə bağlı danışılanlar
sözdən işə çevrilmir.
***
Türklüyümüz – mahiyyətimiz, bənzərsizliyimizdir. Bu gün dünyada
Türk Ruhunun var olmasına böyük gərək duyulur. İndi dünya
mahiyyətindən ayrıldığı üçün türk də özünə yadlaşır. Türksüz
dünyanı mahiyyətcə yox saymaq olar. Bəşər ruhunun, mədəniyyətinin,
adət-ənənələrinin ilahi, insani səviyyədə qoruyucusu, həm də ilkin
yaradıcısı Türk ona olan bütün qeyri-müəyyən yanaşmalara
baxmayaraq, halını, özümlüyünü qorumalıdır. Hər il Azərbaycanda,
eləcə də Türk Dünyasında keçirilən müxtəlif tədbirlərdə türklə,
türkçülüyün sorunları ilə bağlı müəyyən işlər təhlil və müzakirə
obyektinə çevrilsə də, bunların kökündə duran nədənlər diqqətlə
araşdırılmır.
***
Türk xalqı niyə istədiyi kimi var ola, mahiyyətini təsdiq edə
bilmir? İnam Ata (Asif Ata) bunun nədənlərini aydınca göstərir:
"Türk öz Peyğəmbərini vermədi, verəndə də onun arxasınca getmədi.
Türkün ikinci xətası onda oldu ki, Türk Türkü sevmədi. Türkün
üçüncü xətası idrakının gücündən çox qılıncının gücünə güvənməsi
oldu".
Türk xaraktercə birsifətliyi, dəyişməzliyi, ölümlə öcəşməyi,
öldürməyi sevməməyi, anadangəlmə döyüşkənliyi, inancıllığı,
yurdsevərliyi ilə diqqəti cəlb edir. Deyə bilərlər ki, bu cəhətlər
başqa millətdə də var. Ancaq Türkün başlıca xarakterik cəhətləri
yalnız ona məxsusdur və sözün gerçək anlamında bir qurtarıcı kimi
dünyaya təqdim olunmalıdır.
Bu, ayrıca bir söhbətin mövzusudur ki, möhtəşəm fikir, ruh
quruculuğuna, ideyaçılığa, idraki və bədii gücə qadir olan Türk
habelə böyük dövlətçilik gələnəyi yaratdı. Təbii ki,
dövlətçiliyimiz yaranmasaydı, başqa özəlliklərimizi qorumaq da
mümkün olmayacaqdı. Türk dövlətçilik gələnəyini minillər boyunca
qorudu, bu gün də yaşatmaqdadır. De gəl, tarixin çeşidli çağlarında
Türk özündən ayrıldı, zaman-zaman başqalarına yaradı. Türklük
mahiyyəti onu özündən ayrılan məqamlarda daxilinə üz tutmağa,
özündən güc almağa çağırdı.
İnam Ata Türk Birliyini belə görür: "Türkün mənəvi-ruhani birliyi:
İnamçılıq – Mütləqə İnam əsasında birlik. Ədəbiyyat, sənət, elm,
musiqi birliyi: mənəvi-idraki-ümumi türk mahiyyəti;
Hərbi ittifaq: Ayrı-ayrı müstəqil dövlətlərin hərbi ittifaqı;
Qərbçiliyə qarşı birgə döyüş. Qərbçiliyin aradan qalxması".
***
Türk həyata yaradıcı baxır, insanilikdən soraq verən hər bir cəhəti
ləyaqətlə dəyərləndirir. Onu qoruyur, yaşadır və sabaha çatdırır.
Bu gün Türkün fitrəti dərinliklərə çəkilsə də, bu ilahi hal onun
içində bir güc kimi yaşamaqdadır. Türkün təbiətə yanaşması onun
dağı, daşı, göyü, çayı, meşəni, təbiətdəki varlıqları
ilahiləşdirməsi demək olub. O, ilkin mifoloji düşüncəsində ilahi
özəlliklərini ifadə edib. Türkün mifoloji düşüncə sistemi son
dərəcə insana doğma təsir bağışlayır. Türk təbiətdə, onun
yaratdıqlarında özünü görüb, gördüyünü öyüb. Bütün bunlar əski
Türklərin inanc dünyasında Tanrıya tapınma kultunu yaradıb.
***
Türk Tanrısına olduqca doğma idi. Bu doğmalıq onun canına, qanına
hopmuşdu. Türkün "köçəriliyi" ideyası zaman-zaman onu sevməyənlərin
uydurduğu həqarətli yanaşmadır. Böyük yaşam sistemi, dünyabaxış
yaradan bir millət bizi sevməyənlərin dediyi anlamda necə köçəri
ola bilərdi? Türk yalnız öz elində köç edib. Çoxlu zəfər yürüşləri
Türkü dünyanın müxtəlif bölgələrində böyük ruhunu ifadə etməyə
imkan verib.
***
Türk getdiyi yerlərdə zorçu yox, ruhçu (insançı) olub. Əski və orta
yüzillərdə bənzərsiz idraki imkanını üzə çıxarmaqdan daha çox
qılınca üz tutan, özünəməxsus dövlətçilik ənənəsi yaradan Türkləri
anlamaq olur. Ancaq hər halda Türkün böyük potensiyasını
zaman-zaman qılınca sərf etməsilə də razılaşmaq olmaz. Əgər
qılıncdan yapışmaq, sonucda Türklərin Birliyinə, Türk Ruhunun
dünyanı xilas kimi saracağına gətirib çıxarsaydı, yenə dərd yarı
idi. De gəl ki, Türklər böyük dövlətçilik gələnəyi yaratdığı
dərəcədə bir-birini sevmədilər.
Sözün əsl mənasında Türk öz böyüklüyünü dəyərləndirə bilmədi. Türkü
sevməyənlər onun içindəki didişmələrdən bacarıqla yararlandılar.
İldırım Bəyazidlə Teymurləng, Şah İsmayıl Xətayi ilə Sultan Səlim
arasındakı döyüş mahiyyətcə Türklərin tarixdə buraxdığı ən böyük
yanlışlardan idi. Türklər bir ola bilsəydilər, onda dünyanın indiki
durumu başqalaşardı. Türk özünün dünyabaxışını, ilahi inanclar
sistemini qoruya, artıra, bunların özülündə yenisini yarada
bilmədi. Bu, dünyaya daha çox Türkü öyrənib ona zərbə vurmaq üçün
tutalğa verdi.
***
Bir millət olaraq dərdlərimiz çoxdur. Amma hər halda dünyanın sonu
da deyil. Başımıza gələnlər bizə onu deyir ki, bundan sonra çaşmaq,
sarsılmaq olmaz. Gerçək durumumuz bizə onu deyir ki, zəngin
dövlətçilik gələnəyimizi dəyərləndirməli, keçmişimizlə, olmuşlarla
yanaşı, həm də ömrümüzdə yeni-yeni ümidli üfüqlər yaratmalıyıq.
Bu gün Türklərin qarşısında duran ən qaçılmaz iş onların bir-birini
anlamamasıdır. Türk Türkün dərdinə yanmalıdır. Özgəçiliyə yarayan
Türkün sabahı yoxdur. Görəsən, haçanacan Türk dünyası Qarabağ
məsələsinə saymaz yanaşacaq? Azərbaycanın Qarabağ, Güney dərdi
mahiyyətcə Türk dünyasının köklü problemidir.
Türkün ruhunda ideologiya yaratmaq gələnəyi ayrıca yer tutur. Bu
anlamda 20-ci yüzilin başlanğıcında Azərbaycanda Əlibəy
Hüseynzadənin, habelə Türkiyədə Ziya Göyalpın ideya yaratmaq
yönündə işləri ayrıca diqqət çəkir. Bu, həmin dönəm idi ki, dünya
Türkün hər mənada ölümünə çalışırdı. Belə bir çağda Türkçülük
ideologiyasının ortaya çıxması mahiyyətcə türklüyün yeni bir
səviyyədə təqdimi demək oldu. Bu insanlar gördülər ki, əgər
türkçülük ayrıca bir ideologiyaya çevrilməsə, onda türkün sabahı
üçün böyük əngəl yaranacaq. Bu anlamda türkçülüyün yaşarı bir ideya
səviyyəsində meydana çıxması gündən-günə gərginləşən dünyada
ideoloji mübarizənin yaranmasında önəmli rol oynadı.
Az sonra uzun illərdən bəri ideoloji yöndə vuruşunu dövlət qurmaqla
gerçəkləşdirən Məhəmməd Əmin Rəsulzadə və yörəsindəki ləyaqətli
aydınlar dövlətçilik tariximizdə hünərli bir səhifə yazdılar. Bu
dövrdə Türkiyə başına gələn çoxlu fəlakətlərdən qurtuldu, hünərlər
göstərdi. Özəlliklə 1930-cu illərdə Azərbaycanda türkçülüyə qarşı
amansız basqılar oldu. Azərbaycanın say-seçmə aydınları
repressiyalara uğradılar.
***
Bu gün bütün umacaqlarımıza baxmayaraq, hər halda türk xalqları
arasında müəyyən münasibətlər yaranıb. Çağdaş dönəmdə mənəvi sahədə
türk xalqları arasında birliyin yaradılmasına daha çox gərək var.
Elmi-mədəni iş birliyi bu mənəvi bağlılığın gündən-günə bərkiməsinə
çalışmalıdır. Hər halda ümumtürk əlifbası, ümumtürk ədəbi dili
yönündə daha ciddi düşünməyin vaxtıdır.
Türk xalqlarının adət-ənənələrinin öyrənilməsi, yaşadılması
gərəkdir. Əgər bu yöndə cəhdlərimizi davam etdirməsək, indi tez-tez
işlədilən "Türk Dünyası" anlayışı konkretlikdən daha çox ümumi,
anlaşılmaz bir hala düşər. Ötən yüzilin 90-cı illərindən "21-ci
yüzil Türk yüzilidir"-deyə danışılır. Ancaq görəsən, dünyada, eləcə
də öz aramızda, içimizdə Türk insançılığının, xilasçılığının var
olması üçün nə edirik?
Bu gün coğrafi Turançılıqdan daha çox Mənəvi Turançılıq ideyasının
özül prinsip kimi yaşadılmasına gərək var. İndi türklərin
bir-birinə özgələşməsi onların yeni fəlakətlərini yaradır. Milli
ruha yiyə durmaq, xalqların yaratdıqlarına sayğı ilə yanaşmaq
dünyaya, həyata, insana, təbiətə daim uca Türk Ruhu ilə baxmaq hər
gün Türklük Gününün yaşanması deməkdir.
Türk xalqı tarixən olduğu kimi indi də başqa xalqlara qarşı
insansevərlik göstərir. Əslində türkün insansevərliyi dünyanın
milli tolerantlıq qəlibindən ötə, bənzərsiz bir olaydır, bəşəriliyi
tam mənasıyla təsdiq edir. Ancaq dünyada "Türkdən qorxmaq"
ideyasının olduğu kimsəyə gizli deyil.
Bizi gözləyən fəlakətlərdən üstün olmalıyıq.
***
Bu gün Türk özünə və dünyaya İnam Atanın Mütləqə İnam Dünyabaxışını
təqdim edir. Türkün və dünyanın xilası bundadır!
Atamız var olsun!