Ştefan Füle: “Avropa Birliyi Azərbaycanı etibarlı tərəfdaş sayır”

3 May 2013 17:00 (UTC+04:00)

"Avropa Birliyi Azərbaycanı etibarlı tərəfdaş sayır və münasibətlərin genişləndirilməsi və dərinləşdirilməsində maraqlıdır. Mövqe.az-ın xəbərinə görə, bunu Avropa Birliyinin genişlənmə və Avropa Qonşuluq Siyasəti üzrə komissarı Ştefan Füle Azərbaycan Diplomatik Akademiyasında Azərbaycan-AB münasibətləri ilə bağlı söylədiyi məruzəsində deyib.  

 

Ş. Füle bildirib ki, iki tərəf arasında münasibətlər qarşılıqlı hörmət və ümumi maraqlara əsaslanaraq vətəndaş cəmiyyəti ilə əməkdaşlıqdan tutmuş, enerji, təhsil və mədəni sahələrdə əməkdaşlığın inkişafına qədər, bütün spektri əhatə edir.

 

Komissar AB-nin öz şərq qonşuları ilə əlaqələrə böyük önəm verdiyini, "Şərq Tərəfdaşlığı" proqramının azərbaycanlılar və avropalılar arasında münasibət qurulmasına imkan yaratdığını vurğulayıb.

 

Təhsil sahəsində əməkdaşlığa toxunan Ş. Füle tələbələri AB-nin Azərbaycandakı proqramları çərçivəsində təhsil imkanlarından fəal istifadə etməyə çağırıb.

 

Ş. Füle Avropa Birliyinin Azərbaycandan qarşıdakı prezident seçkilərinin ATƏT, Avropa Şurası və digər beynəlxalq təşkilatlar qarşısında götürülmüş öhdəliklərə uyğun keçirilməsini gözlədiyini də bəyan edib. O, Azərbaycanı seçki prosesinin təkmilləşdirilməsi, ədliyyə sisteminin müstəqilliyini təmin olunması və insan haqları sahəsində islahatları davam etdirməyə çağırıb.