Ayaz Orucovun vəzifədən çıxarılmasına rəsmi aydınlıq gətirilib

6 May 2013 17:20 (UTC+04:00)

Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun direktoru Ayaz Orucov öz ərizəsi əsasında Fondun Müşahidə Şurasının qərarı ilə işdən azad edilib.


Bu barədə APA-ya Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən bildirilib.

Komitədən qeyd olunub ki, Məcburi Köçkünlərin Sosial İnkişafı Fondu ölkə prezidentinin 1999-cu il 6 dekabr tarixli fərmanı ilə yaradılıb: "Bu Fond Nazirlər Kabineti yanında fəaliyyət göstərən qurumdur və Fondun ali idarəetmə orqanı Müşahidə Şurasıdır. Fondun əvvəlki rəhbəri Ayaz Orucov Fondun Müşahidə Şurasının qərarı ilə öz ərizəsi əsasında işdən azad edilib. Onun yerinə Fərhad Təhməzov təyin olunub. Mətbuat orqanlarında hansısa iclasda Ayaz Orucovla Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov arasında mübahisə yaranması haqqında yazılanlar yalandır, həqiqətə uyğun deyil".

Komitədən həmçinin bildirilib ki, məcburi köçkünlər üçün tikilən binalarda yoxlamaların aparılmasına dair deyilən fikirlər də həqiqəti əks etdirmir: "Məcburi köçkünlərin həyat, mənzil-məişət şəraitlərinin yaxşılaşdırılması ümün görülən işlər gündəlik nəzarətdədir. Ona görə də bu sahədə heç bir neqativ hala yol verilə bilməz".