"Yüz minlərlə Gürcüstan və Azərbaycan vətəndaşı öz evlərinə qayıda bilmirlər. Çünki bu evlər artıq onların deyil, evlər müəyyən siyasi səbəblərə görə onlara məxsus deyil. Nəticədə insanlar geri qayıdıb doğmalarının məzarları olan o torpaqlara ayaq basa bilmirlər. Bütün bunlar böyük qüvvələrin oyunudur". Mövqe.az-ın məlumatına görə, bu fikirləri Gürcüstan prezidenti Mixail Saakaşvili Cənubi Qafqaz Forumunda çıxışı zamanı deyib.
O, Azərbaycanı enerji resursları ilə zəngin ölkə kimi mühüm əhəmiyyət kəsb etdiyinə diqqət çəkib: "Azərbaycan stabilliyin, iqtisadi gücün və Xəzər regionunda müstəqil siyasətin uğurlu nümunəsidir. Ümidvaram ki, Cənubi Qafqaz uzunmüddətli perspektivdə vahid regiona çevriləcək, perspektivdə bura Ermənistan da daxil ola bilər. Çünki Ermənistana qonşu dövlətlərlə əlaqələr lazımdır, bu dövlət təcrid olunmuş ölkə ola bilməz. Əminəm ki, Ermənistanı ümumi stabillik zonasına inteqrasiya edə bilərik. Lakin bu siyasi liberallaşmanın bir hissəsi kimi baş verməlidir. Bu, təkcə bizim üçün strateji əhəmiyyət kəsb edən Bakı-Tifils-Qars layihəsinə qoşulmaq hesabına deyil, həm də siyasi həll vasitəsi hesabına olmalıdır".
Saakaşvili Azərbaycanın xarici siyasət kursunun dəyişmədiyini bildirib: "Dünya bu ölkədə stabilliyin pozulmasına imkan verməməlidir. Müstəqil siyasət kursunun nəyə gətirib çıxardığını bu ölkənin timsalında gördük. Heç kim Gürcüstanda belə proseslərin baş verəcəyini gözləmirdi, amma bu, baş verdi. Lakin Azərbaycan – möhkəm əsaslar üzərində dayanan, uğurlar qazanan dövlətdir və ümidvarıq ki belə də qalacaq. Biz də özümüzə belə tale arzulayırıq, çünki öz səhvlərimizdən dərs çıxarırıq".