Azərbaycanın investisiya imkanları CAR-ın nümayəndə heyətinə təqdim edilib

8 May 2013 15:40 (UTC+04:00)

Mayın 7-də Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunda (AZPROMO) Bakıda səfərdə olan Cənubi Afrika Respublikasının Beynəlxalq Əlaqələr və Əməkdaşlıq Departamentinin nazir müavini Marius Fransmanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.


Mövqe.az-ın məlumatına görə, görüşdə AZPROMO-nun rəhbəri Rüfət Məmmədov Azərbaycanda uğurla həyata keçirilən sosial-iqtisadi siyasət nəticəsində ölkəmizin qazandığı iqtisadi uğurlar, əlverişli biznes və investisiya mühiti, ölkəmizin iştirakçısı olduğu irimiqyaslı regional layihələr və AZPROMO-nun fəaliyyəti barədə məlumat verib.


Cənubi Afrika Respublikasının Beynəlxalq Əlaqələr və Əməkdaşlıq Departamentinin nazir müavini Marius Fransman Azərbaycana səfərindən məmnunluğunu ifadə edib, CAR və Azərbaycan arasında iqtisadi əlaqələrin genişləndirilməsi üçün hər iki ölkənin böyük potensiala malik olduğunu vurğulayıb.


Görüş zamanı Azərbaycanın investisiya imkanları barədə müzakirələr aparılıb, qonaqları maraqlandıran suallar cavablandırılıb və AZPROMO tərəfindən ölkəmizdə biznes fəaliyyətinin təşkili ilə bağlı müvafiq dəstəyin göstəriləcəyi bildirilib.