Bu tarixlə bağlı ölkənin bütün bölgələrində və dünyanın bir çox ölkələrində tədbirlər keçirilib.
Qeyd edək ki, Heydər Əlirza oğlu Əliyev 10 may 1923-cü ildə
Naxçıvan şəhərində anadan olub. O, Naxçıvan Pedaqoji Texnikumunu
bitirdikdən sonra 1939-41-ci illərdə Azərbaycan Sənaye İnstitutunun
(indiki Azərbaycan Dövlət Neft Akademiyası) memarlıq fakültəsində
təhsil alıb. 1941-ci ildən Naxçıvan Xalq Daxili İşlər
Komissarlığında və Naxçıvan Xalq Komissarları Sovetində şöbə müdiri
işləyib. Heydər Əliyev 1944-cü ilin mayında dövlət
təhlükəsizliyi orqanlarına işə göndərilib, Leninqradda xüsusi ali
təhsil alıb, general rütbəsinədək yüksəlib. 1957-ci ildə Azərbaycan
Dövlət Universitetinin tarix fakültəsini bitirib. 1964-cü ildə
Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Təhlükəsizliyi
Komitəsi sədrinin müavini təyin olunub, 1967-ci ildə isə sədri
təyin olunub. 1969-cu ildə Azərbaycan Kommunist Partiyası Mərkəzi
Komitəsinin 1-ci katibi, Mərkəzi Komitənin büro üzvü seçilib.
H.Əliyev 1976-cı ilin martında Sovet İttifaqı Kommunist Partiyası
Mərkəzi Komitəsinin Siyasi Bürosu üzvlüyünə namizəd, 1982-ci ilin
noyabrında isə Siyasi Büro üzvü seçilib, eyni zamanda SSRİ Nazirlər
Soveti sədrinin birinci müavini təyin edilib. O, SSRİ Ali Sovetinin
(8, 9 və 10-cu çağırışlar) deputatı, 9-cu çağırış SSRİ Ali Soveti
İttifaq Sovetinin sədr müavini, Azərbaycan SSR Ali Sovetinin (7, 8,
9 və 10-cu çağırış) deputatı və respublika Ali Soveti Rəyasət
Heyətinin üzvü olub, Lenin ordeni (4 dəfə), Qırmızı Ulduz ordeni və
çoxlu medallarla təltif edilib, iki dəfə Sosialist Əməyi Qəhrəmanı
adına (1979, 1983) layiq görülüb.
H.Əliyev 1987-ci ilin oktyabrında Sovet İttifaqı Kommunist
Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun və şəxsən baş katib
Mixail Qorbaçovun yeritdiyi yanlış siyasətə etiraz olaraq tutduğu
vəzifələrdən istefa verib və müxalif mövqe tutub. O, 1990-cı ilin
20 yanvarında sovet qoşunlarının Bakıda törətdiyi qanlı faciə ilə
əlaqədar ertəsi gün Azərbaycanın Moskvadakı nümayəndəliyində
bəyanatla çıxış edərək, Azərbaycan xalqına qarşı silah
işlədilməsini kəskin pisləyib. H.Əliyev Dağlıq Qarabağda yaranmış
kəskin münaqişəli vəziyyətlə bağlı mərkəzin ikiüzlü siyasətinə
etiraz əlaməti olaraq 1991-ci ilin iyulunda Sovet İttifaqı
Kommunist Partiyasının sıralarını tərk edib. 1990-cı ilin iyulunda
Azərbaycana qayıdan H.Əliyev Naxçıvanda yaşayıb, həmin ildə də
Azərbaycan Ali Sovetinə deputat seçilib. 1992-ci ildə Yeni
Azərbaycan Partiyasının Naxçıvan şəhərində keçirilmiş təsis
qurultayında partiyanın sədri seçilib. O, 1991-1993-cü illərdə
Naxçıvan Muxtar Respublika Ali Məclisinin sədri, Azərbaycan
Respublikası Ali Sovetinin sədr müavini olub. Heydər Əliyev 1993-cü
il iyunun 15-də Azərbaycan Ali Sovetinin sədri seçilib, iyunun
24-də isə Milli Məclisin qərarı ilə Azərbaycan Prezidentinin
səlahiyyətlərini həyata keçirməyə başlayıb. 1993-cü il oktyabrın
3-də ümumxalq səsverməsi nəticəsində Heydər Əliyev Azərbaycan
prezidenti seçilib.
H.Əliyevin Azərbaycan rəhbərliyinə qayıdışı ilə ölkənin
ictimai-siyasi, sosial, iqtisadi, elmi-mədəni həyatında, beynəlxalq
əlaqələrində dönüş yaranıb, müstəqil dövlət quruculuğu prosesi
başlanıb, 1994-cü il oktyabr və 1995-ci il mart dövlət çevrilişi
cəhdlərinin qarşısı alınıb, ölkədə ictimai-siyasi sabitlik bərqərar
edilib. Dövlətin xarici siyasəti, eləcə də dünyanın aparıcı
dövlətləri və beynəlxalq təşkilatları ilə əlaqələri milli maraqlara
və uzaqgörən siyasi perspektivlərə əsaslanan xətlə inkişaf etməyə
başlayıb. 1994-cü ilin mayında o, cəbhədə atəşkəs elan edilməsinə
nail olub. 1994-cü ilin sentyabrında Bakıda "Əsrin müqaviləsi"
adını almış neft müqaviləsi imzalanıb, Azərbaycan neftinin dünya
bazarlarına nəqli sahəsində uğurlu addımlar atılıb, Bakı-Supsa boru
kəməri tikilib istifadəyə verilib. Heydər Əliyevin iradəsi
sayəsində Bakı-Tiflis-Ceyhan əsas ixrac boru kəməri haqqında
müqavilə imzalanıb, onun həyata keçirilməsinə başlanılıb. Heydər
Əliyevin təşəbbüsü ilə Böyük İpək Yolunun bərpasında - ümumdünya
kommunikasiya proqramının həyata keçirilməsində Azərbaycan aparıcı
rol oynayıb. Gürcüstan, Ukrayna, Azərbaycan və Moldovanı əhatə edən
GUAM birliyinin yaranmasında və beləliklə, böyük bir coğrafi
məkanda region qüvvələrinin birləşməsində də H.Əliyevin önəmli
xidməti olub. O, demokratik, hüquqi dövlət quruculuğu yönümündə
ardıcıl siyasət yeridərək, ölkədə insan hüquq və azadlıqlarının
başlıca prinsiplərinin bərqərar olması üçün əsaslı zəmin yaradıb.
1995-ci ilin noyabrında referendum yolu ilə Azərbaycanın
Konstitusiyası qəbul edilib, 1995-ci və 2000-ci illərdə
çoxpartiyalılıq əsasında parlament seçkiləri keçirilib,
Konstitusiya Məhkəməsi fəaliyyətə başlayıb, Azərbaycanda ölüm
cəzası, mətbuat üzərində senzura ləğv olunub. 1995-ci ilin mayında
əfvetmə institutu bərpa edilib, 1995-2002-ci illərdə əfv
fərmanlarına və amnistiya aktlarına əsasən minlərlə məhbus müxtəlif
cəzalardan tam və ya qismən azad edilib, Azərbaycan 1996-cı ilin
iyunundan Avropa Şurasında "xüsusi qonaq" statusu alıb, 2001-ci il
yanvarın 25-də isə qurumun tamhüquqlu üzvü olub.
H.Əliyev 1998-ci il oktyabrın 11-də yenidən Azərbaycan prezidenti
seçilib. 2001-ci ildə Azərbaycanda latın əlifbasına keçilməsi,
dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi, Azərbaycan
əlifbası və Azərbaycan dili gününün təsdiq edilməsi haqqında
fərmanlar imzalayıb.
H.Əliyev 2003-cü il dekabrın 12-də vəfat edib.