Azərbaycanın “Eurovision-2013”dən böyük gözləntiləri

13 May 2013 18:28 (UTC+04:00)
Məlum olduğu kimi İsveçin Malmö şəhərində "Eurovision-2013" mahnı müsabiqəsinin rəsmi açılış mərasimi olub. Qeyd edək ki, yarışmada bu il 39 ölkə təmsil olunur. Onlar sırasında Azərbaycanın da adı var. Bu dəfəki yarışmadan Azərbaycan üçün gözləntilər əgəlincə, İctimai Televiziyanın quruluşçu rejissoru Salam Məmmədəliyev Mövqe.az-a açıqlamasında qeyd edir: "Müsabiqənin mayın 14-də keçiriləcək birinci yarımfinalında 16, mayın 16-da keçiriləcək ikinci yarımfinalında isə 17 ölkə çıxış edəcək. Müsabiqənin finalı isə mayın 18-də keçiriləcək. Ənənəvi finalda "böyük beşlik" (Fransa, Almaniya, İtaliya, İspaniya, Böyük Britaniya) və qalib ölkə kimi İsveç çıxış edəcək. Azərbaycan yarışmanın ikinci yarımfinalında ikinci nömrə altında çıxış edəcək. Bukmeykerlər favorit ölkələr kimi Danimarka, Ukrayna, Norveç, Rusiya və ən vokal səs kimi Azərbaycanı görürlər. Ən başda isə bukmeykerlər 20 yaşlı danimarkalı Emmili de Foresti bu il müsabiqənin favoriti hesab edirlər. Biz onluqda olacağıq, inşallah. Gündəlik hazırlıqlar, gərgin məşqlər gedir. Təxminən 10 gündür təmsilçimiz Fərid Məmmədov İsveçdədir. Mayın 8-i və 10-u mətbuat konfransı olub. Bu ölkələr ilk yarımfinala çıxıb: Avstriya, Belarus, Xorvatiya, Belçika, Kipr, Danimarka, Estoniya, İrlandiya, Litva, Moldova, Rusiya, Montoneqro, Serbiya, Niderland, Ukrayna, Sloveniya... Onu da qeyd edim ki, bu il Malmödə təşkil olunan müsabiqənin büdcəsi 20 milyon dollardır. Yarımfinallardan qabaq İctimai Televiziyada tok-şoular keçiriləcək. Müsabiqədə iştirak edən ölkələrin çıxışları müzakirə olunacaq. 12-yə 15 dəq işləmişdən 12 tamama qədər bu diskusiya aparılacaq. "Eurovision-2013"lə bağlı fikirləri, çıxışları ilk yarımfinal öncəsi bəstəkar İsa Məlikov və Ülviyyə Vəliyeva, modelyer Fəxriyyə Xələfova şərh edəcəklər".

Bəstəkar Gövhər Həsənzadə də "Eurovision-2013"lə bağlı fikirlərini Mövqe.az-la bölüşdü: "Eurovision" mahnı müsabiqəsində artıq kifayət qədər təcrübəmiz var. Bu ilki təmsilçimizə də yalnız və yalnız uğurlar arzu edirik. Xarici görkəmcə Fərid Məmmədov Avropa səhnəsinə uyğun gəncdir. Vokal imkanları güclüdür. İfaçılıq qabiliyyəti də deyərdim ki, Avropasayağıdır. Mən düşünürəm ki, mahnı seçimində Təşkilati Komitə "Hold me" mahnısını seçibsə, o, bu ilki müsabiqənin təşkilinə, zövqünə, quruluşuna, tələbatına uyğun olacaqdır. Mahnı haqqında qərarı Təşkilatı Komitə verir. Seçim müğənninin üzərində olmadığı üçün məsuliyyət Təşkilatı Komitənin üzərindədir. Ümumiyyətlə, sabahkı çıxışa səhnədən baxandan sonra daha real rəy bildirə biləcəyik. Amma düzgün seçim olunduğunu düşünürəm".