Türkiyənin Hatay vilayətinin Reyhanlı şəhərində baş vermiş
terror aktları nəticəsində ən azı 46 nəfərin həlak olması və
yüzlərlə insanın xəsarət alması ilə əlaqədar Azərbaycanın təşəbbüsü
ilə BMT Təhlükəsizlik Şurasında mətbuat üçün bəyanatı qəbul edilib.
Bu barədə Azərbaycanın BMT Təhlükəsizlik Şurası yanındakı Daimi
Nümayəndəliyi məlumat verilib.
Bəyanatda Şura üzvləri bu terror aktını qətiyyətlə pisləyib, terror
qurbanlarının ailə üzvlərinə, Türkiyə Hökuməti və xalqına
başsağlığı verib, bu cinayəti törədən, terroru təşkil edən,
maliyyələşdirən və dəstəkləyən şəxslərin məsuliyyətə cəlb olunması
vacibliyini vurğulayıblar.
Bununla yanaşı, Şura üzvləri terrorçuluğun bütün növ və
təzahürlərinin beynəlxalq sülh və təhlükəsizliyə ən ciddi
təhdidlərdən biri olduğunu, terror aktlarının, onların
motivlərindən, harada, nə vaxt və kim tərəfindən törədilməsindən
asılı olmayaraq, cinayət hesab etdiklərini və bağışlanılmaz
olduğunu qeyd ediblər.