Azərbaycan İndoneziyanın Batam adasında neft emalı, Kalimantan adasında isə alüminium zavodları tikməyi planlaşdırır.
APA-nın "Jakarta Post" nəşrinə istinadən verdiyi məlumatına görə, bu barədə Azərbaycanın İndoneziyadakı səfiri Tamerlan Qarayev bildirib.
Onun sözlərinə görə, ARDNŞ İndoneziyanın "OSO Group" şirkəti ilə neft emalı zavodunun tikintisi ilə bağlı danışıqlar aparır: "Son qərar hələ qəbul olunmayıb. Layihənin dəyəri 4,8 milyard dollara bərabərdir. Əgər layihəyə start verilsə, zavodun tikintisi 2017-ci ildə tamamlanacaq. Zavodda gündə 600 min barel neft emal edilməsi planlaşdırılır. Bütövlükdə isə Azərbaycan ildə İndoneziyaya ümumi dəyəri 2 milyard dollara bərabər xam neft ixrac edir. Eyni zamanda Azərbaycan İndoneziyada alüminium və gübrə istehsalı zavodu tikmək niyyətindədir".
Azərbaycanı İndoneziyanın ən iri neft təminatçısı adlandıran T.Qarayev əlavə edib ki, iki ölkə arasında əlaqələr inkişaf edir: "Ötən il bir sıra yüksək səviyyədə səfərlər keçirilib. Biz hazırda 14 ikitərəfli sazişin imzalanması üzrə danışıqlar aparırıq. Azərbaycan prezidentinin gələn il İndoneziyaya səfəri zamanı sazişlərin imzalanması planlaşdırılır".