ÜTT və Azərbaycan arasında çözülməyən ziddiyyətlər

15 May 2013 08:00 (UTC+04:00)

Azərbaycanın bir çox nüfuzlu beynəlxalq qurumlara üzvlüyü onun dünya miqyasında mövqelərinin daha da güclənməsinə, həmçinin, ölkənin daha yaxşı tanınmasına rəvac amillər sırasında yer alır. Bundan başqa o da danılmaz həqiqətdir ki, bir sıra belə qurumlar Azərbaycanı öz sıralarında görmək niyyətlərini açıq bəyan edirlər.

Qeyd edilən qurumlara konkret nümunə kimi Ümumdünya Ticarət Təşkilatını (ÜTT) göstərmək olar. Lakin təşkimlatın irəli sürdüyü bir sıra şərtlər Azərbaycanın mənafelərinə cavab vermədiyindən üzvlük məsələsi uzanır. Aparılan danışıqlar kontekstində isə ziddiyyət doğuran məsələlərin çözümü heç də asan başa gəlmir. Məhz bu səbəbdən üzvlük məsələsi də uzanır.

Bu barədə danışmazdan öncə qeyd edək ki, Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına üzv olması ilə bağlı növbəti danışıqlar yayda baş tutacaq. Xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev bildirib ki, bu danışıqlar iyunun əvvəlində reallaşacaq: "ÜTT-yə yeni rəhbər təyin olunsa da, bunun Azərbaycanın quruma daxil olması məsələsinə heç bir təsiri yoxdur. Azərbaycanın quruma üzv olması ilə bağlı aparılacaq danışıqlar zamanı Hindistan, Cənubu Koreya və Çinlə mallar, xidmətlər üzrə birgə əməkdaşlıq məsələləri müzakirə olunacaq. Bundan əlavə, Argentina və Braziliya kimi ölkələrə kənd təsərrüfatı üzrə subsidiyaların verilməsi məsələsi ətrafında ikitərəfli danışıqlar aparılacaq".

Nazir müavini bir çox məsələlərin razılaşdırılmadığını deyib: "Bu danışıqlardan sonra biz həmin dövlətlərə subsidiyaların verilməsi üçün əlverişli olan şərtləri götürə biləcəyik. Əgər bütün məsələlər razılaşdırılsaydı, biz həmin təşkilatın üzvü olardıq. Bu gün bir çox məsələlər hələ də danışıqlar masası üzərində qalıb. Biz də çalışırıq ki, zamanla bu məsələlərin həllinə nail olaq".

Ziddiyyət doğuran məsələlərə gəlincə, məlumdur ki, Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına daxil olması zamanı inkişaf etməkdə olan ölkə qismində tanınmaq niyyətindədir. Bu status kənd təsərrüfatında subsidiyaların həcmi, antidempinq tədbirləri və müdafiə mexanizmləri də daxil olmaqla, təqribən 10 istiqamətdə üstünlüklər əldə etməyə imkan verir. ÜTT isə Azərbaycaın inkişaf etmiş ölkə olaraq öz sıralarında görmək istəyir. Bu isə kənd təsərrüfatına yüksək səviyyədə subsidiyaların ayrılmasını əngəlləyir. Hələlik Azərbaycan hökuməti kənd təsərrüfatına yüksək səviyyədə subsidiyaların ayrılmasından imtina etmək niyyətində deyil. Bundan əlavə, keçmiş rəqabətqabiliyyətli mallar istehsal edən kənd təsərrüfatı ölkəsi şöhrətini qaytarmaq üçün Azərbaycanın kənd təsərrüfatına subsidiyalar ayırması hələ ki, mütləqdir.

Qeyd olunduğu kimi ölkəmiz inkişaf etmiş dövlət statusu ilə ÜTT-yə daxil olarsa, onda kənd təsərrüfatına subsidiyalar ayrılması müşkülə çevriləcək ki, bu da Azərbaycanı maraqlarına cavab vermir. Lakin ÜTT-nin istəkləri təkcə bununla bitmir. Hazırda bəzi əcnəbi ölkələr var ki, özünün istehsal etdiyi məhsulları Azərbaycana sıfır faizlə idxal etmək istəyir və bu, ölkə iqtisadiyyatına və kənd təsərrüfatının inkişafına ciddi mane olan məsələdir. Azərbaycan bununla da razılaşa bilməz. Bundan başqa ÜTT-yə tələsik üzvlük nəticəsində zaman dövlət büdcəsinə daxilolmaların azalması baş verə bilər. Digər tərəfdən yerli istehsalın müdafiəsi imkanları azalır. Tənzimlənən qiymətlərin dünya bazarı səviyyəsinə çatdırılması istehlakçıların xərclərini artırır. Hazır məhsulun idxalının üstün gəlirliyi baxımından idxalı əvəz edə biləcək sahələrə investisiya qoyuluşunun səmərəliliyi aşağı düşür və nəticədə milli iqtisadiyyata ümumi investisiya qoyuluşu azalır. Məhz bütün bunlar böyük fəsadlardır və ÜTT hələ də qeyd olunan məsələlərdə mövqeyinlən geri çəkilmək istəmir.

Onu da bildirək ki, Azərbaycan Ümumdünya Ticarət Təşkilatına üzv olma prosesinin 9-cu mərhələsindədir. Bu mərhələdə əsasən üzv ölkələrlə qarşılıqlı öhdəliklər məsələsi müzakirə edilir və bu istiqamətdə intensiv danışıqlar gedir. Bu mərhələ bitdikdən sonra növbəti, 10-cu mərhələdə isə üzv ölkələrlə əsasən prosedura qaydaları müzakirə olunacaq.

Ümumilikdə, ÜTT-yə üzvlük prosedura qaydası 13 mərhələdən ibarətdir. Azərbaycan ÜTT-yə üzv olma ilə əlaqədar 50-yə yaxın ölkə ilə ikitərəfli danışıqlar aparıb və bu danışıqların yekunu olaraq müvafiq sənədlər qəbul edilib. Onu da qeyd edək ki, bu gün Azərbaycana idxal edilən məhsullara tətbiq edilən maksimal gömrük rüsumu 15%-dir. Baxmayaraq ki, ÜTT-yə üzv olmaqla bağlı ilkin danışıqlar aparılan zaman bu dərəcə 50-60% arasında təklif edilib. Lakin danışıqlar nəticəsində bu endirilib.

Ancaq onu da bildirək ki, quruma üzvlük zamanı iqtisadiyyatın idarə olunmasında, xüsusən də xarici iqtisadi fəaliyyətin tənzimlənməsində dövlətin rolu aşağı düşür, bu isə xarici ticarət və investisiya əməkdaşlığını stimullaşdırır. ÜTT üzvü olan bütün ölkələrin ərazisindən təminatlı tranzit hüququ əldə olunur. Xarici ticarət prosedurlarının sadələşdirilməsi, idxal və ixrac əməliyyatlarının uçotu və hesabatı sisteminin şəffaflaşdırılması əldə edilən üstünlüklər sırasındadır.