Uşaq üçün gündəlik zəruri olan qidalar

15 May 2013 12:30 (UTC+04:00)

Uşağınızın sağlamlığı üçün hər gün yeməsi vacib olan əsas qidalar var. Mövqe.az  Türkiyə mətbuatına istinadən bu vacib qidaları sizə təqdim edir: 


I qrup


Birinci qrup süd və süd məhsullarıdır. Süd, qatıq, pendir kimi qidaların tərkibi  kalsium, sink, yod, maqnezium, zülal, A və B vitaminlərindən ibarətdir. Lakin 1 yaşa qədər uşaqlara gündə 500 ml-dən çox süd verilməməlidir. Bu yaş dövründə az yağlı (pəhriz pendiri,pəhriz  südü kimi) məhsulların da istifadə edilməsi məsləhət deyil. 



II qrup


İkinci qrupa ət, balıq, mərci, noxud və yumurta kimi qidalar daxildir. Bu məhsulların tərkibində  zülal, A, B vitaminləri, dəmir, sink və lif var. Dəmir çatışmazlığı  ilə bağlı qanazlığının qarşısını almaq üçün qırmızı ətdən çox istifadə etmək faydalıdır. 



III qrup


Bu qrupa tərkibi A və C vitaminləri, fol turşusu, dəmir və kaliumla zəngin olan tərəvəz və meyvələr daxildir.  



IV qrup


Dördüncü qrup isə - çörək, kartof və dənli bitkilərdən ibarətdir. Bu qidaların tərkibində niasin, tiamin, kalsium, dəmir və lif var.


Beş yaşına qədər uşaqlara hər gün 2 stəkan süd və ya qatıq verilməlidir. Çünki, bu qidalar sümüyün möhkəmlənməsi üçün vacib olan kalsiumun mənbəyidir. İki kibrit qutusu pendirdə də bir stəkan süddəki qədər kalsium var. Orqanizmdə qanyaratma funksiyasını həyata keçirən dəmir toyuq, balıq, yumurta və quru paxlada zəngindir. Yumurta müntəzəm olaraq ət yeyən uşaqlara günaşırı, digərlərinə isə hər gün verilə bilər. 


Bu yaş qrupunda olan uşaqlara gündə 3-4 pay meyvə və tərəvəz verilməlidir. Meyvələrin qabıqla yeyilməsi qəbizlik problemini aradan qaldırır. 



1pay tərəvəz = 5-6  yemək qaşığı tərəvəz yeməyi


1pay meyvə = 1 orta ölçüdə meyvə = 3/4 su stəkanı meyvə şirəsi


Orqanizmin əsas enerji mənbəyi olan çörək və digər unlu, nişastalı yeməklərdən gündə ən az 6 pay yeyilməsi vacibdir. Təyin olunan bu miqdarın 3 payı 3 dilim çörək, qalan hissəsi isə,  şorba, plov, makaron, kartof, və s. şəklində verilə bilər.


1pay = 5-6 yemək qaşığı plov / makaron və ya 1 dilim çörək