Yavər Rzayev: "Qonorar az verildiyi üçün müğənnilər filmə, seriala çəkilmir"
Roza Zərgərli: "Xarici rejissorların iş prinsipi başqadır, bizdəkilərin isə tamam başqadır"
Yasin Qarayev: "Heç aktyorları da çəkmirlər"
Mahir Canas: "Müğənnilərin seriala çəkilməməsinin başlıca səbəbi maliyyədir"
Dünya kinosunda məhşur müğənnilərin filmlərə, seriallara çəkilməsi getdikcə daha çox dəb halını almaqdadır. Lakin analoji təcrübədən Azərbaycanda demək olar ki, çox az istifadə olunur. Bunun səbəbləri barədə danışan "Azərbaycanfilm" kinostudiyasında bir neçə sənədli və bədii filmin rejissoru olan Yavər Rzayev Mövqe.az-a açıqlamasında bildirir: "Xarici rejissorlar əcnəbi müğənniləri daha çox çəkir. Razıyam bu fikirlə...Azərbaycanda isə qonorar az verildiyi üçün müğənnilər filmə, seriala çəkilmir. Məsələn, Aygün Kazımova ola bilər çox qonorar tələb edir ki, rejissorların da buna maddi imkanı çatmır. Yəqin ki, bütün rejissorlar çəkdikləri filmlərdə, serillarda tanınmış simaların olduğunu istəyərlər. Bu, onlara da, filmlərinə də uğur gətirər".
Məşhur müğənni və bu yaxında "Tək olanda qorxma" serialında rol alan Roza Zərgərli isə qeyd edir: " Çox seriallarımızın əksəriyyətində tanınmış simalar, müğənnilər, aparıcılar çəkilir. "Tək olanda qorxma" serialından sonra daha 2 seriala dəvət almışam. Mən deməzdim ki, bizdə müğənnilər seriallara az çəkilir. Sadəcə xarici rejissorların iş prinsipi başqadır, bizdəkilərin isə tamam başqadır. Düşünmürəm ki, rejissorlar yüksək qonorar məsələsinə görə müğənniləri çəkmirlər. Rejissor hər hansı müğənnini filmdəki obrazda görürsə o, həmin qonorarı verəcək və həmin müğənnini o rola çəkəcək də... Seriala çəkilərkən mənə verilən qonorarı isə açıqlaya bilmərəm, onu ancaq rejissor açıqlaya bilər".
Əməkdar artist Yasin Qarayev də müğənnilərin seriallara çəkilməsi haqqında rəyini bildirdi: "Kino sənətində belə hallara tez-tez rast gəlmək olur. Yəni müğənnilər seriallara çəkilə bilər. Əgər çəkilən şəxs, istər müğənni, istər qeyri-peşə sahibi olsun, rejjissor yozumunu doğrulda bilirsə, bunu normal hal saymaq olar".
"Bəs görəsən rejissorlarımız müğənniləri niyə az-az filmlərə,seriallara çəkirlər" sualına isə aktyor belə cavab verdi: " Heç aktyorları da çəkmirlər... Niyə?! Bu sualı məndə öz-özümə tez-tez verirəm. Əfsus ki, cavabını özüm də bilmirəm".
Gənc olmasına baxmayaraq, artıq kifayət qədər tanınan istedadlı rejissor Mahir Canas da mövzu ilə bağlı fikirlərini bölüşdü: "Müğənnilərin seriala çəkilməməsinin başlıca səbəbi maliyyədir. Çünki əsas məsələ sayılan maliyyə çox aşağıdır. Xaricdə müğənnilərə çəkilmək üçün istənilən qonorar verilir. Ölkəmizdə isə bir müğənninin bir gecə toya gedib, qazandığı pula biz bir seriya çəkirik. Hansı müğənni öz xeyrindən qaçar? Məncə, heç kim... Nəzərə alsaq ki, filmin çəkilişi zamanı onlarla yaradıcı-texniki heyət əziyyət çəkir. İndi təsəvvür edin 1 bölüm üçün ayrılan 8 min manat (təxmini məbləğ kimi göstərilir) neçə nəfər arasında bölünür. Bu da o deməkdir ki, bu sektorun inkişafı üçün təkcə dövlət dəstəyi azdır. Bu sahəyə yeni investorlar qoşulmalı, dəstək olmalıdırlar. Bundan sonra həm prodüserler, həm rejissorlar kifayət qədər olan maliyyənin nəticəsində nəinki azərbaycanlı müğənniləri, hətta əcnəbi mütəxxəssisləri dəvət edə bilərlər. Həmçinin, onu da vurğulayım ki, bizdə aktyorlar nə çəkilib, nə qazandılar ki, hələ bir müğənnilər də çəkilsin".