Müasir İncəsənət Muzeyində sərgi “Tofiq Cavadov: 50 il sonra” adlı sərgi

17 May 2013 18:20 (UTC+04:00)

2013-cü il mayın 16-da Bakı İncəsənət Mərkəzinin təşkilatçılığı ilə Müasir İncəsənət Muzeyində Azərbaycanın görkəmli rəssamı Tofiq Cavadovun (1925-1963) yaradıcılığını əks etdirən retrospektiv sərgi açılıb. Sərgi ilə bərabər Tofiq Cavadovun yaradıcılığını əks etdirən nəfis kataloqun təqdimatı da keçirilib.


Mövqe.az-ın məlumatına görə, tədbirdə mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev, Azərbaycan Rəssamlar İttifaqının sədri, Xalq rəssamı Fərhad Xəlilov və sərginin təşkilat komitəsinin sədri, "Yeni Gallery" Bakı İncəsənət Mərkəzi Yaradıcılıq Birliyinin rəhbəri Rafael Gülməmmədli çıxış edərək istedadlı fırça ustası Tofiq Cavadovun qısa, lakin mənalı ömür yolundan, qeyri-adi sənətkarlıq dünyasından geniş söz açıblar.


Bildirilib ki, bu, Tofiq Cavadovun ölümündən keçən 50 il ərzində açılan ikinci yaradıcılıq sərgisidir və bir çox tablolar ilk dəfə nümayiş olunur.

Tofiq Cavadovun ilk sərgisi onun faciəli surətdə həlak olduğu 1963-cü ildə Bakıda keçirilib. O vaxtdan rəssamın bir dəfə də olsun yaradıcılıq sərgisi açılmayıb, sənət irsi layiq olduğu qədər təbliğ edilməyib. Dar çərçivədə olan mütəxəssislərin Tofiq Cavadov haqqında bilgisini nəzərə almasaq, qeyd etməliyik ki, ümumiyyətlə, bu istedadlı rəssamın həyat və yaradıcılığı haqqında bu günədək geniş ictimaiyyətin məlumatı olduqca məhduddur. Ona görə də indiki sərginin adı "Tofiq Cavadov: 50 il sonra" adlanır.

Tofiq Cavadov XX əsr Azərbaycan rəngkarlığının görkəmli nümayəndəsi, yaradıcılığında milli təsviri sənətin bir sıra xarakterik xüsusiyyətlərinin vəhdətinə və avanqard cərəyanının magistral inkişaf meyillərini müəyyənləşdirməyə nail olmuş istedadlı sənətkardır. O, Azərbaycan təsviri sənətinə sərt realizm gətirmiş bir rəssamdır. Eyni zamanda, Azərbaycanın ilk və bəlkə də yeganə neorealist rəssamıdır.


Bildirilib ki, istedadlı rəssamın insan və sənətkar kimi fiziki, cismani ömrü çox qısa olub. Lakin onun yaradıcılıq irsi intəhasızdır. Tofiq Cavadovun yaradıcılıq ömrünün qısa olmasına baxmayaraq, bu ömür, bu yaşam öz tapıntıları və novatorluğunun əhəmiyyətinə, daxili tutumu və inkişaf səviyyəsinə görə daha uzun, davamlı sənətkar ömrünə bəs edəcək qədərdir.

Vurğulanıb ki, Rafael Gülməmmədli 2006-cı ildən Tofiq Cavadovun yaradıcılıq irsinin araşdırması ilə məşğuldur. O, bu müddət ərzində mərhum sənətkarın həyat və yaradıcılığını əhatəli şəkildə tədqiq etmiş, rəssamın bu günümüzə kimi gəlib çıxmış bütün yaradıcı irsini tapıb üzə çıxarılmasına nail olub.

Aparılmış bütün tədqiqat işlərinin nəticəsi Tofiq Cavadovun yaradıcılığına həsr olunmuş nəfis kataloqda öz əksini tapıb. Kataloqun əsas özəlliklərindən biri də odur ki, burada rəssamın bu günümüzədək gəlib çıxan bütün yaradıcı irsi - bütün rəngkarlıq və qrafik əsərləri toplanıb. 

Diqqətə çatdırılıb ki, sərgidə T.Cavadovun bir çox rəngkarlıq və bütün qrafik əsərləri ilk dəfə nümayiş etdirilir. Ekspozisiya şəxsi kolleksiyalara aid olan əsərlərdən tərtib olunur. Sərginin təşkilati işlərini Bakı İncəsənət Mərkəzi Yaradıcılıq Birliyi və onun nəzdində fəaliyyət göstərən "Yeni Gallery"si həyata keçirib.


Mərasimdə çıxış edənlər sərginin keçirilməsi ilə bağlı göstərdikləri təşkilati dəstəyə görə Heydər Əliyev Fonduna və Müasir İncəsənət Muzeyinə, eləcə də əsərlərin tədqiqatı işində etdiyi yardıma görə Mədəniyyət və Turizm Nazirliyinə minnətdarlıqlarını bildiriblər.


Eyni zamanda, təşkilat komitəsi kataloqun nəşrinə göstərdiyi maliyyə yardımına görə isə "Auto Azerbaijan-Peugeot" şirkətinə də təşəkkür edib.


Sonra iştirakçılar sərgi ilə yaxından tanış olublar. Sərgi mayın sonunadək davam edəcək.