Danimarkada Azərbaycan "Ana dili" məktəbi açılıb
20 May 2013 11:20 (UTC+04:00)
Danimarkada fəaliyyət göstərən "Vətən" Cəmiyyətinin təşkilatçılığı
ilə bu qurumun nəzdində olan Azərbaycan Evində "Ana dili"
məktəbinin açılışı olub.
Mövqe.az-ın məlumatına görə, tədbirdə Azərbaycanın Böyük
Britaniyadakı səfirliyinin əməkdaşları, Cəmiyyətin üzvləri,
Danimarkada yaşayan həmvətənlərimiz ilə yanaşı, türklər və
türkmənlər də iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan "Vətən" Cəmiyyətinin sədri Səfər Sadiqi
məktəb və onun fəaliyyəti haqqında ətraflı məlumat verib.
Bildirilib ki, Azərbaycan "Ana dili" məktəbində şahmat və musiqi
siniflərinin fəaliyyəti nəzərdə tutulub. O, Danimarkada yaşayan
azərbaycanlı uşaqların ölkəmizin mədəniyyətini, adət-ənənələrini və
doğma dilimizi öyrənməsi baxımından məktəbin əhəmiyyətini
vurğulayıb. Azərbaycançılıq ideyasını yaşatmağın bütün dünyadakı
həmvətənlərimizin borcu olduğunu diqqətə çatdıran Cəmiyyətin sədri,
Britaniyadakı səfirliyimizə Azərbaycan Evinin açılmasına
göstərdikləri dəstəyə görə minnətdarlığını ifadə edib.
Skandinaviya Türk Federasiyasının sədri İlhan Esen Danimarkada
qardaş ölkə Azərbaycanın "Ana dili" məktəbinin açılmasının
qürurverici hadisə olduğunu bildirib. Azərbaycan ilə Türkiyə
qardaşlığının əbədi olduğunu qeyd edən İ.Esen dünyanın hansı
nöqtəsində olmağımızdan asılı olmayaraq ana dilimizin
milliyətimizin, milli kimliyimizin təməli olduğunu vurğulayıb.
Kopenhagen Tibb Universitetinin professoru Məsud Aşina "Vətən"
Cəmiyyətinin fəaliyyətini yüksək qiymətləndirib, Cəmiyyətin
Danimarkadakı həmvətənlərimizi birləşdirmək baxımından vacibliyini
vurğulayıb. "Ana dili" məktəbinin açılmasının Danimarkada yaşayan
azərbaycanlılar üçün böyük əhəmiyyət kəsb etdiyini deyən M.Aşina,
Cəmiyyətin uğurlarının gələcəkdə də davam edəcəyinə əminliyini
ifadə edib.
Azərbaycanın Böyük Britaniyadakı səfiri Fəxrəddin Qurbanov "Ana
dili" məktəbinin açılmasının ölkəmiz üçün böyük uğur olduğunu qeyd
edib. Doğma dilimizi qoruyub saxlamağın milli hisslərimizin, milli
şüurumuzun və mənəvi dəyərlərimizin gələcək nəsillərə çatdırılması
baxımından vacib olduğunu vurğulayıb. Dilimizi qorumağın həm də
ədəbiyyatımızı və tariximizi qoruyub saxlamaq olduğunu qeyd edən
səfir, ölkəmizin əsrlər boyu bu vəzifəni şərəflə və uğurla həyata
keçirdiyini vurğulayıb. Bildirib ki, xüsusilə xaricdə yaşayan
həmvətənlərimizin ana dilimizi dərindən öyrənmələri ölkəmizin və
milli mentalitetimizin təbliği baxımından böyük əhəmiyyət kəsb
edir. Azərbaycanın xaricdəki nailiyyətlərinin hər birimizi
sevindirdiyini bildirən F.Qurbanov ölkəmizin diaspor
təşkilatlarına, o cümlədən "Vətən" Cəmiyyətinə minnətdarlığını
ifadə edib, uğurların davamını arzulayıb.
Tədbir çərçivəsində "Ana dili" məktəbinin ilk şagirdlərindən Leyla
Vahabova dövlət himnimizi səsləndirib, Cəmiyyətin fəaliyyətindən
bəhs edən videoçarx nümayiş etdirilib.
Daha sonra səfir Fəxrəddin Qurbanov Danimarkada yaşayan
azərbaycanlıların problemləri ilə maraqlanmış, onların suallarını
cavablandırıb.
Səfirlik adından Cəmiyyətə rəsm əsəri təqdim olunub, müxtəlif
dillərdə kitablar və milli mədəniyyətimizi, tariximizi əks etdirən
suvenirlər hədiyyə edilib.
Sonda Cənubi Azərbaycandan olan Aşıq Abbas qədim musiqi alətimiz
olan sazda milli musiqimizdən nümunələr ifa edib.