Movqe.az xəbər verir ki, Nyu-Yorkda
BMT-nin baş katibi adından və BMT Təhlükəsizlik Şurasına sədrlik
edən ölkə tərəfindən nahar təşkil olunub. Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev və BMT-nin baş katibi Pan
Gi Mun naharda iştirak edib.
Dövlət başçısı İlham Əliyev naharda çıxış edib. O, qonaqları
salamlayaraq, dəvəti qəbul etdikləri üçün təşəkkür edib. "Bu gün
səhərdən bir yerdəyik və beynəlxalq əhəmiyyətli bir sıra məsələləri
müzakirə etdik. Əməkdaşlığımıza verdiyiniz töhfəyə görə dərin
minnətdarlığımı bildirirəm.
Bu gün biz qarşılıqlı maraq doğuran mövzular ətrafında
müzakirələrimizi davam etdirəcəyik. Əminəm ki, müzakirələrimiz
əməkdaşlıq və konstruktivlik ruhunda keçəcək. Bizi dəstəkləyən
bütün tərəflərə bir daha təşəkkürümü bildirmək istəyirəm. Çünki bu,
bizim üçün əlamətdar hadisədir. Hətta, deyərdim ki, tariximizdə ən
əlamətdar hadisələrdən biridir. Biz Təhlükəsizlik Şurasına
seçilmişik. Hazırda isə sədrliyə başlayırıq. Burada bu rolda
olmağıma və belə xoşbəxt anları dostlarımızla bölüşməyə çox
şadam".
Bundan sonra dövlət başçısı sözü baş katibə verib. BMT-nin Baş
katibi Pan Gi MUN çıxışında Azərbaycanı BMT Təhlükəsizlik Şurasına
seçilməsi və sədrliyə başlaması münasibətilə bir daha təbrik etdi
və uğurlar arzulayıb.
Tural QABİLOĞLU