Azərbaycanda da qida rasionuna böcəklər daxil ediləcək?

22 May 2013 10:55 (UTC+04:00)
Xəbər verildiyi kimi, BMT ərzaq böhranı ilə bağlı problemdən qeyri-adi çıxış yolu tapıb. BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı, yoxsulluqdan əziyyət çəkən regionlarla bağlı hazırladığı xüsusi proqramda çəyirtkələr, qarışqalar və böcəklər aləminin digər üzvlərini insanlar, ferma və ev heyvanları üçün alternativ qida vasitəsi ola biləcəyini açıqlayıb. Hətta BMT-nin bununla əlaqədar xüsusi komissiyası bildirir ki, həşaratlar bəsləyici canlılardır: "Onların orqanizmində çoxlu zülal, mineral maddlər və yağlar var. Həşəratlar həmçinin sürətlə çoxalmaq qabiliyyətinə malik olduğundan ərzaq problemi yaranmayacaq". Qeyd olunur ki, yaxın vaxtlarda bu canlılar qida rasionuna daxil ediləcək. Xatırladaq ki, beynəlxaq qurum tərəfindən əvvəllər də bu cür açıqlamalar olub. Ancaq hələlik həşərat və böcəklərdən qida rasionunda istifadə edən ölkələr çox azdır. Mütəxəssislər isə ölkəmizdə buna hələlik ehtiyac olmadığını bildirirlər. Həmçinin də bu gün Azərbaycanda qida rasionu olaraq süfrəyə gətirilə biləcək hansısa böcəyin olmadığı söylənilir.

 "Böcəklərdən zənginləşdirici əlavələr kimi istifadə etmək olar"

Azərbaycan Tibb Universiteti Qidalanma və kommunal gigiyena kafedrasının müdiri, tibb elmləri namizədi, dosent İbrahim Əhmədovun sözlərinə görə, insan böcəklə qidalanmaz: "Xüsusi ilə də müsəlman millətində böcəklə qidalanma yoxdur. Bunun da tətbiqi mümkün deyil. Böcəklə qidalanmanı adətən aclıq hökm sürən ölkələrdə edirlər. Amma Azərbaycanın kifayət qədər sərvəti var. Bu gün bəzi yerlərdə qurbağa, ilan və s. yeyirlər. Ancaq onlar həmin həşəratların hansı hissəsi zəhərli olduğunu bilirlər. Çünki, hər bir canlının orqanizmində zəhərli toxumalar var. Ondan qida məhsulu kimi istifadə edilmir. Böcəklərdən zənginləşdirici əlavələr kimi istifadə etmək olar. Amma onu yeyinti məhsulu kimi istifadə etmək düzgün deyil. Onsuz, hər bir regionun qidalanma vərdişi var. Bədən nəyisə qəbul etdikcə, ona uyğunlaşır. Hətta zəhəri də tədricən bədənə yerləşdirməklə ona da öyrəşmək olar".

 "Azərbaycanda qida rasionuna daxil olan böcək yoxdur"

Zoologiya İnstitutunun Cücülərin ekologiyası və fiziologiyası laboratoriyasının müdiri, biologiya üzrə fəlsəfə doktoru Barat Əhmədov bildirir ki, Azərbaycanda qida rasionuna daxil olan böcək yoxdur: "Ancaq bu gün dünyada qida rasionuna böcək daxil olan ölkələr var: "Hətta Afrika ölkələrində onları çiy də yeyirlər. Onların əsasən sürfələrindən istifadə edirlər. Çünki, sürfələri özlərindən bir neçə dəfə böyük və qidalı olur. Əksər böcəklərin süfrələri bitkilərlə qidalanır. Həmin süfrələr də tamamilə zülallardan ibarətdir. Bu da çox faydalı qida vasitəsidir. Ümumiyyətlə, böcəklərin mərhələləri var. Yumurta, sürfə və yetkin fərdlərdir. Adətən yetkin fərdlərdən istifadə ediimir. Sürfə mərhələsində onların ayaq, qanad və digər orqanlar inkişaf etmir. Tamamilə barama və ya uzun formada olurlar. Həmin mərhələdə də onlar tamamilə zülal maddələrindən ibarət olur. Hətta elə böcəklər var ki, onların ekstratından qara ciyər xəstəliklərinə qarşı istifadə olunur".

 "Qida rasionu üçün istifadə oluna biləcək 1909 həşərat növü var"

Kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmov sözlərinə görə, qida rasionu üçün istifadə oluna biləcək 1909 həşərat növü var: "Son 20 ildə əhalinin sayı 13 % artıb, taxıl məhsulunun istehsalı isə 20 % -dən çox azalıb. Bu da o deməkdir ki, çörək, süd, ət, yumurta və digər taxıldan alınan məhsulların istehsalı azalıb. Ümumiyyətlə, dünyada 1 milyard əhali aclıqdan əziyyət çəkir. Bu, gələcəkdə dünya ölkələri üçün problem yaradacaq rəqəmdir. Son vaxtlar qlobal iqlim dəyişikliyinin təsiri nəticəsində ərzaq istehsalında ciddi problemlər yaranıb. Bunlar da ərzaq böhranın yaranacağından xəbər verir. BMT bu mənada həm də xəbərdaqlıq edir ki, gələcəkdə ərzaq problemi yarana bilər. Buna görə də böcəklərdən istifadə etməkdə məqsəd odur ki, əhalinin bir qismi özünün ərzağa olan ehtiyacını ödəyə bilsin, digər tərəfdən də bəzi zərərverici böcəklərin qarşısı alınsın. Bunların azalması kənd təsərrüfatında məhsuldarlığı artıra bilər. Qida rasionunda, xüsusən də çəyirtkələrin özünə yer tapmasını vurğulayırlar. Bu da onunla bağlıdır ki, həm çəyirtkələrin sayı artır, həm də ondan bir ərzaq kimi yararlana, həmçin onların tarlalara vurduğu zərərin qarşısını alına bilər. Yəni, həm dünyada baş verəcək ərzaq böhranını qarşısını almaq üçün alternativ qida mənbəyi kimi, həm də kənd təsərrüfatı məhsullarının istehsalı zamanı vurduqları zərəri azaltmaq üçün təklif olunub".