Sağlamlığınız üçün 10 möcüzəvi qida

22 May 2013 14:36 (UTC+04:00)

Mövqe.az sizə sağlamlığınız üçün vacib olan 10 qidanı təqdim edir:


1. Alma


Bu meyvənin tərkibində B və C vitaminləri, karotin, mineral maddələrdən isə kalium, natrium və dəmir duzları var. Almada olan dəmir duzu böyük müalicəvi əhəmiyyətə malikdir. Almanın tərkibində olan şəkərin əsas hissəsini qlükoza və fruktoza təşkil edir ki, onlar da ürək damar sistemi üçün çox faydalıdır. Alma arıqlamağa da kömək olur. 


2. Zeytun yağı


Onun tərkibində antioksidantlar və doymamış yağ turşuları var ki, bunlar da orqanizmi onkoloji, ürək-damar xəstəliklərindən qoruyur. Tərkibində çoxlu miqdarda olein turşusu olduğundan zeytun yağı orqanizmdən xolesterinin çıxarılmasına kömək edir. Bir çox xəstəliklər zamanı - qastrit, kolit, qəbizlik, ağız, mədə və bağırsaqların selikli qişasının yanması, öd yollarında daşlar olduqda bu möcüzəvi yağdan istifadə olunur. 


3. Pomidor


Tərkibi A, B, B2, B6, C, E, K, PP, beta- karotin kimi vitaminlərlə yanaşı, kalium, kalsium, sink, fosfor, maqnezium və dəmirlə zəngindir. Antioksidant xüsusiyyətlərə malik olan pomidor infeksion xəstəliklərin qarşısını alır. 

Pomidor ürək sağlamlığına da müsbət istiqamətdə təsir göstərir. O, təzyiqi və xolestrini aşağı salır.  

Pomidor göz üçün də çox faydalıdır. Yüksək göz təzyiqinin düşməsinə kömək edir.

Pomidorun qabığı və tumu həzmi asanlaşdırır, qəbizliyi aradan qaldırır. Öd və böyrək daşlarının meydana gəlməsinə mane olur. Bu möcüzəvi tərəvəz döş və prostat xərçənginə də faydalıdır.  


4. Banan

 

Tərkibi C, A, B vitaminləri və maqneziumla zəngindir. Banan maddələr mübadiləsini yaxşılaşdırır, bədəndəki şlak və mayeni xaric edir, qandakı xolesterinin səviyyəsini aşağı salır, immuniteti bərpa edir, əsəbləri sakitləşdirir. Buna görə də bir çox idmançılar, xüsusən də tennisçilər yarışdan öncə və sonra banan yeyirlər. Banan mədəsində yara olanlara çox faydalıdır. Alimlər iddia edirlər ki, banan hüceyrələrin və mədənin selikli qişasının bərpasına yardım edir. 

Lətində orqanizmin müdafiə funksiyalarını möhkəmlədən, soyuqlamanın qarşısını alan xeyli miqdarda askorbin turşusu var. 


5.Yerkökü


Tərkibi  A, B1, B2, B3, B6, C və E vitaminləri, dəmir, kalsium, fosfor, maqneziumla zəngin olan yerkökü qan yaratmaq, orqanizmi qüvvətləndirmək kimi xüsusiyyətlərə malikdir. 

Kök həzmi asanlaşdırır. Mədə, bağırsaq, qaraciyər, ürək və gözlər üçün çox faydalıdır. Onun tərkibində olan beta-karotenin gözləri yaşlılığın gətirdiyi görmə zəifliyindən qoruyur və immunitet sistemini qüvvətləndirir. Qanda xolestrinin səviyyəsini aşağı salır. 

Kök uşaqlarda boy artımını inkişafına da kömək edir.



6. Tünd şokolad


Tərkibi A,B, C, D, E vitaminləri, kalium, kalsium və natriumla zəngindir. Tünd şokolad antioksidant xüsusiyyətlərə malikdir. Xərçənglə mübarizədə təsirlidir. Arterial təzyiqi və qanda olan xolestrinin səviyyəsini aşağı salır. Şokolad immunitet sistemini gücləndirir, sümükləri möhkəmləndirir, damarlara və toxumalara faydalıdır. 


7. Paxla 


Tərkibi B1, B2, B6 və K vitaminləri,  azot, nişasta, kalium və maqnezium mineralları ilə olduqca zəngindir. Paxla həzmi asanlaşdırır, sidik yollarını təmizləyir. Böyrəklərə olduqca faydalıdır. Böyrək ağrılarını yüngülləşdirir, böyrək qumlarının və daşlarının tökülməsinə kömək olur. 


8. Manqo


Tərkibi A, C, E vitaminləri, dəmir, kalium, kalsium, fosfor mineralları ilə zəngindir. 

Manqo antioksdant xüsusiyyətlərə malikdir.Xərçəngin qarşısının alnmasında kömək olur. İmmunitet sistemini möhkəmləndirir.

Manqo şirəsi anemiyalı xəstələr və hamilə qadınlar üçün çox faydalıdır. Ondan kosmetologiyada da istifadə edirlər. Dəriyə və saçlara nəmləndirici, qidalandırıcı, qoruyucu təsir göstərir.


9. Nar


Tərkibi B, C vitaminləri, kalium, dəmir və fol turşusu ilə zəngindir. 

Nar sinir sistemi, mədə üçün xeyirlidir. Antioksidant xüsusiyyətlərə malikdir, immuniteti möhkəmləndirir,  O həmçinin qan yaratmaq, həm də qanı saflaşdırmaqda kömək olur. 


10. İspanaq


Tərkibi A, C, E və B qrupu vitaminləri ilə dəmir, maqnezium, fosfor və yod mineralları və zülal baxımından olduqca zəngin olan bu bitki bədənin immunitetini artırır və bədənə qüvvət verir.  İspanaq qanazlığı, xərçəng, ürək-damar xəstəliklərinə qarşı təsirlidir. Yüksək təzyiqə, iflicə və xüsusilə yaşlılıqla bağlı görmə probleminə faydası var. Sinirləri sakitləşdirir, həzmi asanlaşdırır, sidikqovucu təsirə malikdir. Sümükləri və dişləri gücləndirir, diş çürümələrinin qarşısını alır. Qanda xolesterinin miqdarını salır. Şəkər xəstələrinə faydalıdır.