Toppuş bacı: "Mayın 25-də qız toyumdur"

23 May 2013 11:29 (UTC+04:00)
Toppuş bacı kimi tanınan əməkdar artist Tünzalə Əliyevanın iyun ayının 3-də toyunun olması haqda məlumat vermişdik. Aktrisa toyqabağı təəssüratlarını Milli.Az ilə bölüşüb:

"Bildiyinizə görə, iyun ayının 3-də, inşallah, Bakıdakı şadlıq evlərindən birində toy mərasimim baş tutacaq. Bütün jurnalistlərə, media işçilərinə qapı açıq olacaq. Gəlib yeyib-içsinlər, oynasınlar, təkcə olmayan nəsə haqqında yazmasınlar (gülür). Toy çox sadə keçəcək, toyda heç bir sürpriz-filan gözlənilmir. Hətta zər yağışı, mələklərin rəqsi olan mərasimləri özüm çıxartmışam. Bütün sənət yoldaşlarım, müğənnilər, iş yoldaşlarım hamısı toyuma dəvətlidirlər. Hal-hazırda Gəncədəyəm, qeyd edim ki, mayın 25-də Gəncədə qız toyum baş tutacaq. Çünki adam çox idi, hamısını restorana sığışdıra bilməzdik. Qız toyumun tarixini ilk sizə açıqlayıram. İyul ayının 7-də isə oğlanın toyudur".

Aktrisa haqqında yayılan "villa" olayına isə bu cür aydınlıq gətirib:

"İnternet saytlardan birində oxudum ki, guya toydan sonra həyat yoldaşımla tikdirdiyim villada yaşayacağıq. Bildirim ki, bu yalan məlumatdır. Əvvəla, mənim villam yoxdur, bu 2-mərtəbəli bir evdir. Toydan sonra bir müddət, yəqin ki, kirayədə yaşayacağıq".