İrandan ölkəyə külli miqdarda narkotik keçirmək istəyən şəxslər saxlanılıb

23 May 2013 15:06 (UTC+04:00)

Azərbaycanın gömrük orqanları narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri istiqamətində daha bir narkotik qaçaqmalçılığının qarşısını alıb. Komitənin mətbuat xidmətindən Mövqe.az-a verilən məlumata görə, Astara Gömrük İdarəsinin sərnişin-nəqliyyat şöbəsində İran vətəndaşları Fəthi Saleh Qulam və Əssadi Rasul Bəhlulun idarə etdikləri "Volvo B72R" markalı İR-17392 dövlət nömrə nişanlı İrandan gələn sərnişin avtobusu gömrük nəzarətindən keçirilərkən, salondakı 29, 33, 36, 37 və 40 nömrəli oturacaqların hər birinin arxa üzlüyünün aşağı hissəsində alt tərəfdən xüsusi olaraq yerləşdirilib gömrük nəzarətindən gizlədilmiş, qara rəngli izolyasiya lenti ilə sarınmış 4 ədəd plastik butulka və 1 ədəd plastik borunun içərisindən 12 bağlamada külli miqdarda, ümumi xalis çəkisi 3,925 kq həşiş qətranı, 3 bağlamada ümumi çəkisi 236,148 qr tiryək, 2 bağlamada ümumi çəkisi 186,19 qr heroin və 1 bağlamada şəxsi istehlak miqdarından artıq miqdarda xalis çəkisi 0,125 qr metadon narkotik vasitələri aşkar edilərək götürülüb.

 

Faktla əlaqədar Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə cinayət işi başlanıb, Fəthi Saleh Qulam və Əssadi Rəsul Bəhlul şübhəli şəxs qismində saxlanılıb. Cinayət işi üzrə zəruri istintaq hərəkətləri aparılıb, dindirmələr keçirilib və məlum olub ki, aşkarlanan narkotik vasitələri digər bir İran vətəndaşı Zomorrodnia İdris Ağa Kərim sərnişin avtobusuna gizli olaraq yerləşdirib, Azərbaycan CM-nin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməsi toplanmış sübutlarla kifayət qədər təsdiq edildiyindən Zomorrodnia İdris Ağa Kərim şübhəli şəxs qismində tutulub. Beləliklə, Azərbaycan CM-nin müvafiq maddələri ilə Zomorrodnia İdris Ağa Kərimə ittiham elan edilib və Bakı şəhər Yasamal rayon Məhkəməsinin qərarı ilə barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

 

Hazırda cinayət işi üzrə külli miqdarda narkotik vasitələrin qanunsuz dövriyyəsində iştirakı olan digər şəxslərin müəyyən edilib cinayət məsuliyyətinə cəlb edilməsi istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.