Riyaziyyat və informatika üzrə beynəlxalq konfrans keçiriləcək

23 May 2013 17:57 (UTC+04:00)

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin dəstəyi, Azərbaycan Riyaziyyat Cəmiyyətinin təşkilatçılığı ilə may 29-31-də Bakıda Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş Riyaziyyat və İnformatikanın Aktual Problemləri beynəlxalq konfransı keçiriləcək.

 

Mövqe.az-ın məlumatına görə, 2013-cü ilin "İnformasiya-kommunikasiya texnologiyaları ili " elan edilməsinə dair Tədbirlər Planına uyğun olaraq təşkil edilən konfransın açılışı "Kempinski Hotel Badamdar"da mayın 29-da saat 11:00-da baş tutacaq.

 

Konfransın işi "Riyaziyyat" və "İnformatika" bölmələri üzrə təşkil ediləcək. Bölmə iclaslarında "Riyaziyyat" üzrə "Funksional analiz", "Operatorların spektral nəzəriyyəsi", "Approksimasiya nəzəriyyəsi", "Diferensial tənliklər", "Harmonik analiz və funksiyalar nəzəriyyəsi", "Qeyri-səlis nəzəriyyə", "Ehtimal nəzəriyyəsi və riyazi statistika", "İdarəetmə nəzəriyyəsi" müzakirə ediləcək.

 

"İnformatika" bölməsi üzrə mövzulara isə "Süni neyron şəbəkələr, Qeyri-səlis sistemlər", "Kompüter şəbəkələri və sistemləri", "Qərar qəbuletmə sistemləri", "Obrazların tanınması", "Təbii dillərdə yazılmış mətnlərin işlənməsi", "Proqram təminatının hazırlanması", "İnternet proqramları və Veb-xidmət", "İnformasiya təhlükəsizliyi", "İnformasiya texnologiyaları və kompüter təhsili" və "Nanotexnologiya" daxildir.

 

Rəsmi dillərinə Azərbaycan, ingilis və rus dilləri daxil olan konfransda plenar çıxışlar - 30 dəqiqə və seksiyalarda məruzələr - 15 dəqiqə nəzərdə tutulur.

 

Daha ətraflı məlumatı www.apmi2013.azjm.org saytından əldə etmək mümkündür.