Ötən illərlə müqayisədə indi Azərbaycanda avtomobillərin sayının kifayət qədər artması heç kimə sirr deyil. Təxmini hesablamalara görə, hazırda Azərbaycanda olan avtomobillərin sayı 1,3 milyona çatmaq üzrədir. Onların isə yenə də yarıdan çoxu məhz Bakıda cəmləşib. Əhalinin maddi gəlirlərinin artması fonunda ölkəyə gələn maşınların sayının daha da artacağı proqnozlaşdırılır.
Bunun tıxac və digər müəyyən fəsadları barədə indiyə qədər yetərincə məlumat verilib. Daha bir həssas məqam isə sayı artan avtomobillərin ekologiyaya vurduğu zərərdir. Əslində, bu hal əksər dünya ölkələri üçün xarakterikdir. Xüsusən böyük şəhərlərdə atmosfer havasını çirkləndirən mənbələr arasında avtomobil nəqliyyatı vasitələri mühüm əhəmiyyətə malikdir. Avtomobillərin işlənmiş tullantı qazlarının tərkibində 60-dan çox toksik maddə, o cümlədən karbon və azot oksidləri, aldehidlər, qurğuşun birləşmələri (etilləşdirilmiş benzindən istifadə zamanı), polisiklik aromatik karbohidrogenlər və s. əsas yer tutur. Son illər ərzində avtomobil və avtobus parkının bütün dünya ölkələrində istehsalının istifadəsinin intensiv artması böyük şəhərlər üçün atmosfer havasının çirklənməsində onların mövqeyini artırıb. Belə ki, ABŞ-da atmosfer havasının çirklənməsində avtomobil nəqliyyatı vasitələrinin tullantıları 50 faizdən artıq yer tutur, bəzi ölkələrin böyük şəhərləri üçün bu göstərici 60 faiz təşkil edir.
Nəzərə almaq lazımdır ki, avtomobil nəqliyyatı vasitələrinin xaric etdiyi işlənmiş qazların kəmiyyət və keyfiyyət göstəriciləri istifadə olunan nəqliyyatın növündən, mühərriklərin vəziyyətindən, maşınların gücündən və iş rejimindən, yanacaqların keyfiyyətindən, nəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsindən, küçələrin enindən və s. asılıdır. Ölkəmizdə xeyli sayda köhnə avtomobilin olması isə onların ekologiyaya daha çox zərər vurmasına gətirib çıxarır. Belə avtomobillərdə mühərriklər saz vəziyyətdə işləmir, qaz-toz tutucu avadanlıqla təchiz olunmayıb. Bir çox hallarda yapon maşınlardan katalik absorbent süzgəcləri baha olduğundan çıxarılır və buna görə də avtomobillərin havaya atdığı tullantıların miqdarı artır. Bu baxımdan Standartlaşma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi (SMPDK) tərəfindən ölkəyə idxal edilən və ölkədə istehsal edilən yol-nəqliyyat vasitələri üçün "Avro - 3" ekoloji standartlarını təsdiq etməsini irəliyə doğru addım saymaq olar. Qeyd edək ki, hazırda Azərbaycanda "Avro-2" standartları qüvvədədir - Nazirlər Kabineti standartın vaxtını təyin etdikdən sonra həm idxal edilən və istehsal edilən avtomobillər "Avro-3" standartlarına uyğun olacaq.
Onu da qeyd edək ki, "Avro-3"ə keçid nəticəsində avtomobillərin havaya atdığı zərərli komponentlərin miqdarı xeyli azalacaq. Məsələn, "Avro-3"də dəm qazının miqdarı "Avro-2"yə baxanda 60-70% faiz azdır. Bundan başqa köhnə avtomobillər tədricən istismardan çıxarılmalıdır. Əlbəttə, birdən-birə vətəndaşa avtomobilini sürməyi qadağan etmək mümkün deyil. İlk növbədə belələrinə avtomobilini yeniləmələri üçün şans verilməlidir. Necə ki, inkişaf etmiş ölkələrdə insanlara köhnə avtomobillərindən imtina etmələri üçün ödənişli utilizasiya, vergi güzəştləri, subsidiyalar, endirimlər təklif edilir, bizdə də bu cür mütərəqqi çıxış yolları tətbiq edilməlidir.
Eyni zamanda sərt olmayan iqtisadi üsullarla da insanların köhnə avtomobilləri ilə vidalaşmaları üçün yumşaq təzyiq göstərilməlidir. Dünyada son zamanlar geniş yayılmış belə üsullardan biri texniki baxış zamanı verginin avtomobilin mühərrik gücünə görə deyil, atmosfer havasına atdığı zərərli tullantıların həcmindən asılı olaraq ödənilməsinin tətbiqidir. Avtomobil mütəxəssisləri yaxşı bilirlər ki, artıq bu gün avtomobilin mühərrik həcminin yüksək olması, heç də onun havaya daha çox "qara tüstü" çıxartması demək deyil. Yeni texnologiyaların tətbiqi sayəsində avtomobillər güclü mühərriklərə malik olsalar belə, ətraf mühiti əvvəlki nəsilləri ilə müqayisədə daha az çirkləndirirlər.
Qeyd edək ki, dünyada hər il nəqliyyat vasitələrinin atmosferə 900 milyon ton karbon-oksid atdığı bildirilir. Hesablamalara görə, 2050-ci ildə nəqliyyat vasitələrinin karbon-oksid emissiyasının 60%-inə İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatına (İƏİT) üzv olan ölkələr səbəb olacaqdır.