Milli qəhrəmanlarla bağlı qanun layihəsi qəbul oluna bilər

24 May 2013 13:47 (UTC+04:00)
Milli Məclisin bu gün keçirilən iclasında milli qəhrəmanlarla bağlı qanun layihəsinin qəbul olunması təklif olunub. Movqe.az-ın məlumatına görə, millət vəkili, Milli Məclisin Sosial siyasət komitəsinin sədr müavini Musa Quliyev müzakirələr zamanı bildirib ki, Azərbaycanda şəhid olan milli qəhrəmanlarla yaşayanlar arasında münasibət fərqlidir. O qeyd edib ki, hazırda Azərbaycanın 211 Milli Qəhrəmanının yalnız 17 nəfəri sağdır. Millət vəklili milli qəhrəmanlara xüsusi statusun verilməsini təklif edib: "Xüsusi status həyatda olan milli qəhrəmanların sosial təminatının, imtiyazlarının, mənzil, iş yerləri, harada dəfn edilmələri, ictimai funksiyalarını əks etdirəcək".
O vurğulayıb ki, milli qəhrəmanlara yanaşma sistemli şəkildə həyata keçirilməlidir: "Milli qəhrəmanlar millətə nümunə kimi göstərilməli, milli vətənpərvərlik ruhunun yüksəldilməsinə şərait yaradılmalıdır".