Bakıda əqli mülkiyyət hüquqlarının problemləri müzakirə olunur
29 May 2013 13:03 (UTC+04:00)
Bakıda Azərbaycanda milli patent sisteminin 20
illiyinə həsr olunmuş "İnkişaf etməkdə olan ölkələrdə əqli
mülkiyyət hüquqlarının aktual problemləri" mövzusunda ikigünlük
konfrans öz işinə başlayıb.
Mövqe.az-in məlumatına görə, tədbirdə Standartlaşdırma,
Metrologiya, Patent üzrə Dövlət Komitəsinin (SMPDK) sədri Ramiz
Həsənov Azərbaycanda milli patent sisteminin 20 ildir fəaliyyət
göstərdiyini deyib.
O, ümummilli lider Heydər Əliyev tərəfindən təməli qoyulmuş bu
sistemin ölkəmizdə keyfiyyət infrastrukturunun əsas tərkib
hissələrindən birinə çevrildiyini, bu illər ərzində patent sahəsi
üzrə normativ-hüquqi bazanın formalaşdığını, əqli mülkiyyət
hüquqlarının qorunması istiqamətində beynəlxalq sistemə uğurlu
inteqrasiyanın həyata keçirildiyini vurğulayıb:
"Bu sahədə dövlət siyasətini və tənzimlənməsini həyata keçirən
SMPDK patent sisteminin beynəlxalq tələblər səviyyəsində qurulması
istiqamətində Ümumdünya Əqli Mülkiyyət Təşkilatı ilə sıx əməkdaşlıq
edir. Əməkdalıq əlaqələri nəticəsində "Əməkdaşlıq Proqramı" təsdiq
edilmiş, 10 ölkə ilə ikitərəfli saziş imzalanmış, komitə ilə
Koreyanın Xarici İşlər və Ticarət Nazirliyi arasında imzalanmış
"Əqli mülkiyyət hüquqlarının idarəetmə sisteminin
formalaşdırılmasına dair" layihə icra olunub".
Tədbirdə Müəllif Hüquqları Agentliyinin sədri Kamran İmanov, Milli
Məclisin deputatı Arif Əşrəfov, Nazirlər Kabinetinin şöbə müdirləri
İsmayıl Sadıqov və Səyyaf İsmayılov Azərbaycanda patent sisteminin
sürətli inkişafından, bu istiqamətdə dövlət tərəfindən görülmüş
işlərdən danışıblar.
Ümumdünya Əqli Mülkiyyət Təşkilatının departament rəhbəri Mixail
Svantner, Avrasiya Patent İdarəsinin prezidenti Aleksandr
Qriqoryev, departament rəhbəri Nina Formbi Azərbaycanın beynəlxalq
təşkilatlarla sıx əməkdaşlıq əlaqələrinin genişləndirilməsindən
danışaraq, Azərbaycanın son 20 ildə sürətli inkişafını və
beynəlxalq patent sisteminə uğurlu inteqrasiyasını xüsusi
vurğulayıblar.
Konfransda "Azərbaycanın patent sisteminin cari vəziyyəti,
problemlər, perspektivlər", "Keçid dövründə olan ölkələrdə Milli
Əqli Mülkiyyət strategiyasının inkişafı", "AAPT-ın
üzv-dövlətlərində innovasiya fəaliyyətinə kömək göstərilməsində
regional təşkilatın rolu", "Türkiyə Əqli Mülkiyyət Sisteminin cari
vəziyyəti", "Əqli mülkiyyət infrastrukturunun modernləşdirilməsi"
mövzularında məruzələr dinlənilib.
Konfransın sonunda Ümumdünya Əqli Mülkiyyət Təşkilatının baş
direktoru Frensis Qarrinin iştirakçılara videmüraciəti
yayımlanıb.
Tədbir Standartlaşdırma, Metrologiya, Patent üzrə Dövlət Komitəsi
və Ümumdünya Əqli Mülkiyyət Təşkilatının birgə təşkilatçılığı ilə
keçirilir.