LAYİHƏNİN İSTİQAMƏTİ: “Regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi”

28 May 2013 09:00 (UTC+04:00)

Aparılan son araşdırmalar bir daha Azərbaycan regionlarında böyük əmək potensialının cəmləşdiyini və bundan istifadə səviyyəsinin ildən-ilə yüksəldiyini göstərir. Təbii ki, qeyd olunan xüsusda regionların inkişafına dair həyata keçirilən dövlət proqramları müstəsna rol oynayır. Məhz bu proqramların, eləcə də regionların inkişafına dair dövlət başçısı tərəfindən verilən çoxsaylı fərman və sərəncamların nəticəsidir ki, bölgələrin tərəqqisində yeni keyfiyyət mərhələsi yaşanır. Belə dinamik tərəqqinin əsas ünvanlarından biri də Dağlıq Şirvan iqtisadi rayonuna aid Tovuzdur. Cari ilin ilk rübünün uğurul sosial-iqtisadi yekunları da qeyd edilənlərin real təsdiqi sayıla bilər.

Ümumiyyətlə, regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının uğurla həyata keçirilməsi nəticəsində rayonda üç ayda iqtisadiyyatın əsas sahələri üzrə məhsul buraxılışının həcmi artıb, o cümlədən poçt və rabitə xidmətində 12,7 faiz, kənd təsərrüfatında 10,7 faiz, əhaliyə göstərilən pullu xidmətlərin həcmində 11,2 faiz, əsas kapitala yönəlmiş investisiyalarda 66,7 faiz artım əldə edilib.Qeyd olunan dövrdə 8 milyon 33 min manatlıq kənd təsərrüfatı məhsulları istehsal olunub. Tovuz rayonunun iqtisadiyyatının əsasını kənd təsərrüfatı təşkil edir. Üzümçülük, tərəvəzçilik, quru subtropik meyvəçilik, bostançılıq, bağçılıq, taxılçılıq, heyvandarlıq kənd təsərrüfatının mühüm sahələridir.

Hesabat dövründə 209 min manat həcmində poçt və rabitə xidməti göstərilib, pərakəndə əmtəə dövriyyəsinin həcmi 49 milyon 154 min manat təşkil edib, əhaliyə 11 milyon 125 min manat həcmində pullu xidmətlər göstərilib. Nəqliyyat sektorunda yük daşınması 119 min ton təşkil edib. Aztəminatlı vətəndaşların sosial müdafiəsini gücləndirmək üçün üç ayda 450 ailəyə ünvanlı dövlət sosial yardımı təyin edilib. Ümumiyyətlə, əvvəlki dövr nəzərə alınmaqla hazırda 8921 nəfəri birləşdirən 2000 ailəyə, hər ay üzrə cəmi 230 min 200 manat ünvanlı dövlət sosial yardımı verilib. Tovuz şəhərinin su və kanalizasiya sistemi yenidən qurulur. Layihənin sifarişçisi Azərbaycan Respublikası Ərazilərin Bərpası və Yenidən Qurulması üzrə Agentlik, podratçı təşkilat isə "Akkord" Sənaye-Tikinti İnvestisiya Korporasiyasıdır. Layihə üç mərhələdə həyata keçirilir. Birinci mərhələdə Tovuz şəhərində hər birinin tutumu 2500 kubmetr olan iki su anbarı tikilib. Layihənin ikinci mərhələsində 96,5 kilometr kanalizasiya xətti, 79 kilometr su xətti çəkilmişdir. Bundan əlavə, suqəbuledici qurğu, laboratoriya, xlorator binası, keçid məntəqəsi və nasos stansiyası tikilib. Şirkətin nümayəndələri layihəni bu ilin sonunadək başa çatdırmağı qarşıya məqsəd qoyublar.

Tovuzda əhalinin məşğulluğunun təmin edilməsi sahəsində məqsədyönlü tədbirlər həyata keçirilir. Cari ilin ötən dövrü ərzində bütün idarə, müəssisə və təşkilatlarda olan boş iş yerləri barədə məlumat toplanıb və iş yerlərinə vətəndaşların göndərişi təmin edilib. Məşğulluq mərkəzinə müraciət edən 436 iş axtaran vətəndaşdan 154 nəfəri işlə təmin olunub ki, onların da 35 nəfəri qadınlardır. Hesabat dövründə burada 2 milyon 90 min manatlıq sənaye məhsulu istehsal olunub. Digər sənaye sahələri ilə bərabər Tovuz rayonunda qismən də olsa yüngül sənaye və toxuculuq sənayesi də fəaliyyət göstərməkdədir. Cari ilin yanvar-aprel aylarında sənayedə çalışan işçilərin orta sayı 496 nəfər olub. Bir işçiyə düşən orta aylıq əmək haqqı 325,8 manat təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 17,1 faiz çoxdur. Hesabat dövründə "Tovuz" Elektrik Şəbəkəsi (EŞ) Müəssisəsi üzrə hava elektrik verilişi xətlərində, eləcə də transformator məntəqələrində əsaslı və cari təmir işləri aparılıb.

Cari ilin aprel ayında müəssisə üzrə 10,5 milyon kilovat-saata yaxın elektrik enerjisi istehlak edilib Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 159 min kilovat-saat çoxdur. Daimi əhali istehlakçı qrupunun istehlakı ötən ilin müvafiq dövrü ilə müqayisədə 260 min kilovat-saat artaraq 4,2 milyon kilovat-saata yaxın olub. Ödənişdə artım 9 faiz təşkil edib.

Ötən 4 ayda isə 39,6 milyon kilovat-saata yaxın elektrik enerjisi istehlak olunub. Bu, da ötən ilin eyni dövründəki göstəricidən 3,8 milyon kilovat-saat azdır. Əhali istehlakçı qrupunda bu göstəricilər müvafiq olaraq 17,5 milyon kilovat-saata və 1,8 milyon kilovat-saata yaxın olub. Tovuz rayonunda əhalinin normal təbii qaz yanacağı ilə təmin olunması istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilir. Cari ilin ötən dövrü ərzində Əyyublu kəndi ərazisində 1112 qaz sayğacı yeniləri ilə əvəz olunub. Rayonda sayğacla təmin olunmuş qaz abonentlərinin sayı 28 min 17-yə çatdırılıb. Qovlar şəhərində yeni salınmış yaşayış massivində 39785,5 p/metr müxtəlif diametrli daşıyıcı və paylayıcı qaz kəmərləri çəkilib. Həmin ərazidə 300 abonentə sayğac quraşdırılıb.

Ötən il aprelin 12-də Prezident İlham Əliyevin rayona səfəri bütün tovuzluların həyatında, rayonun sosial-iqtisadi inkişafında silinməz izlər qoyub. Xatırladaq ki, rayona səfərindən sonra Prezident İlham Əliyevin 2012-ci il 13 aprel tarixli Sərəncamı ilə Tovuz rayonunda abadlıq-quruculuq işlərinin davam etdirilməsinə 2 milyon manat vəsait ayrılıb. Həmin vəsait hesabına Tovuz şəhərinin girişində geniş abadlıq işləri aparılıb. Prezidentin 2012-ci il 1 may tarixli Sərəncamı ilə Tovuz-Qovlar-Ağbaşlar avtomobil yolunun əsaslı təmiri üçün ilkin olaraq 3 milyon manat vəsait ayrılıb və yolun tikintisinə ötən ildən başlanılıb. Hazırda avtomobil yolunun tikintisi davam edir.

Prezident İlham Əliyev ötən ilinaprelində rayon səfəri çərçivəsində Tovuz ərazisində Göytəpə neolit dövrü arxeoloji abidəsi ilə tanış olub. Qədim Göytəpə arxeoloji abidəsi Azərbaycan ərazisində, eyni zamanda, Cənubi Qafqazda neolit dövrünün erkən mərhələsinə aid yaşayış məskənlərinin ən böyüyüdür. Bu yaşayış məskəni 2 hektardan çox ərazini əhatə edir.

Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun arxeoloji ekspedisiyası 2006-cı ildə Fransa mütəxəssisləri ilə birlikdə Göytəpə qədim yaşayış məskənində kəşfiyyat müşahidələri apararaq, təpənin toroplanını çəkib, yerüstü materiallar toplayıb. Abidənin dəqiq tarixinin təyin edilməsi üçün üst qatdan götürülən kömür qalıqlarının üzərində Fransanın Milli Araşdırmalar Mərkəzində radio-karbon analizi aparılıb. Analizin nəticəsinə əsasən, Göytəpə yaşayış məskəninin bizim eradan əvvəl VI minilliyə aid olduğu müəyyən edilib. Bu da onu deməyə əsas verir ki, Tovuzun 8 min illik şəhər mədəniyyəti tarixi vardır.

Göytəpə neolit dövrü arxeoloji abidəsinin qədimliyi dünyanın bir çox nüfuzlu elm adamlarının və mütəxəssislərin ciddi marağına səbəb olub. 2008-ci ildən başlayaraq hər il Fransa Milli Araşdırmalar Mərkəzinin, Tokio Universitetinin əməkdaşlarının iştirakı ilə stasionar arxeoloji qazıntılar aparılıb. Göytəpə yaşayış yeri Azərbaycanda və Qafqazın cənubunda neolit dövründə baş verən inkişaf prosesinin əsas xüsusiyyətlərinin öyrənilməsində müstəsna əhəmiyyətə malikdir. Burada aparılan arxeoloji qazıntı işləri neolit dövrünə aid tikinti mədəniyyətini, Kür çayının orta axarı boyunca erkən neolit həyat tərzinin öyrənilməsinə imkan yaradıb.

Burada aşkar olunan maddi-mədəniyyət nümunələrinin elmi təhlili Tovuz ərazisinin Qafqazın ən qədim yaşayış məskəni olduğunu sübut edir. Dünya arxeologiyasında Göytəpə yaşayış məskəni tipli neolit dövrünə aid arxeoloji abidələr ilkin sivilizasiyanın başlanğıc nöqtəsi, proto-şəhər, yəni insanların yığcam yaşayış tərzinin bərqərar olduğu ilkin şəhər mədəniyyətinin formalaşması dövrü kimi dəyərləndirilir.

2008-2011-ci illərdə Göytəpədə aparılan qazıntılar qədim yaşayış yerinin neolit dövrünə aid olan mükəmməl memarlığını üzə çıxarıb. Tədqiqatçıların fikirincə, Göytəpədə aşkar olunan tikililərin möhkəmliyinə Azərbaycanın heç bir neolit dövrü abidələrində rast gəlinməyib. Dəyərli maddi-mədəniyyət nümunələri ilə zəngin olan abidənin 2009-cu ildə Tokio Universitetində, 2010-cu ildə Londonda fəaliyyət göstərən "Britaniya Muzeyi"ndə, həmin ildə Parisdə "Kollec-de-Frans" təhsil müəssisəsində, 2011-ci ildə Rusiya Elmlər Akademiyasının Arxeologiya İnstitutunda və Gürcüstanın Milli Tarix Muzeyində təqdimatı olub. Abidə rayonun turizm marşrutuna daxil edilib. Rayonda Mədəniyyət və Turizm Nazirliyi tərəfindən qeydiyyata alınan 62 tarixi abidə var ki, onlardan 1-i dünya, 1-i də respublika əhəmiyyətlidir. Tovuz rayonun ərazisində Yanıxlı kəndində XVII əsrə aid körpü, məscid və məqbərə, Tovuz çayı üzərində X əsrdə tikilmiş körpü, Tovuz şəhərində karvansara xarabalıqları, kəhriz XIX əsrdə tikilmiş yaşayış binaları və su qülləsi, Əlibəyli kəndində VII əsrə aid Koroğlu qülləsi, Qazqulu kəndində səkkizüzlü məqbərə, XIX əsrdə tikilmiş qalanın xarabalıqları və XVII əsrdə tikilmiş Şah Abbas məscidi kimi tarixi abidələr var. Bundan əldavə, arxeoloqlar bu rayonun ərazisində daş və dəmir dövrünə aid olan ərazidə insan yaşamasını təsdiq edən əşyalar aşkar ediblər.

Tovuz rayonu öz flora və faunası ilə doğrudan da digər rayonlardan fərqlənir. Ən azı ona görə ki, rayon tamamilə dağlar qoynunda yerləşir. Hər bir yanı silsilə dağlar, çaylar və meşələrlə əhatə edilmiş bir rayonun təbiəti çox füsunkardır. Bütün bunlar turizmin inkişafına əlverişli zəmin yaradır. Digər sahələrdə də dinamik tərəqqi qeydə alınır.

Elşən BAYRAMOV

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu tərəfindən maliyyələşdirilən "Regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi" layihəsi çərçivəsində çap olunub.