"Azərbaycan prezidenti İlham Əliyevin 2013-cü ildə namizədliyinin dəstəklənməsi və qalib gəlməsi faktiki olaraq Azərbaycanda heç kimdə şübhə doğurmur".
Mövqe.az-ın məlumatına görə, bunu Azərbaycan Prezident Administrasiyası ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov bu gün Bakıda keçirilən "QHT - Hökumət dialoqunun gücləndirilməsi" adlı tədbirdə çıxışı zamanı bildirib.
O qeyd edib ki, hətta daxili dəyərləndirmələri kənara qoyaraq Avropa Birliyi, Avropa Komissiyası nəzdində fəaliyyət göstərən bir qurumun keçirdiyi sorğuya görə Azərbaycanın səsvermə hüququ olan vətəndaşlarının 92%-i Azərbaycan hökumətinin fəaliyyətindən ümumən razıdır: "Bu o deməkdir ki, Azərbaycan seçicisi 2013-cü ildə keçiriləcək seçkilərdə Azərbaycan prezidenti İlham Əliyevin namizədliyini dəstəkləyəcək. Bizim buna şübhəmiz yoxdur, lakin məlum prosedurlar var ki, biz onları həyata keçirməliyik. Biz demokratik dövlətik, öz vətəndaş cəmiyyətinə söykənən, siyasi partiya fəaliyyəti və onun hakimiyyət uğrunda sərbəst yarışını ehtiva edən bir cəmiyyət qurmuşuq, siyasi plüralizm bu cəmiyyətin əsasını təşkil edir. Bu anlamda 2013-cü il prezident seçkiləri də demokratik əsaslarda keçiriləcək, tam şəffaf olacaq, insanlara öz iradəsini sərbəst şəkildə ifadə etmək şəraiti yaradacaq və bunun nəticəsində prezident seçkiləri baş tutmuş hesab olunacaq".
PA rəsmisi deyib ki, bu gün QHT-lərin Azərbaycan prezidenti İlham Əliyevin namizədliyini dəstəkləməsini dövlət olaraq çox yüksək dəyərləndirirlər: "Çünki vətəndaş cəmiyyəti təşkilatları, gənclər, həmkarlar, veteranlar tərəfindən Azərbaycan prezidenti İlham Əliyevin namizədliyinin dəstəklənməsi vətəndaşların onun fəaliyyətinə verdiyi dəyərdir. Bir ölkə başçısı, prezident üçün bundan yüksək dəyər, qiymətləndirmə ola bilməz. Bilirsiniz ki, həmkarlar cəmiyyətin ən çətin idarə olunan qruplarıdır və həmkarlar hər zaman dövlət qurumlarında zəhmətkeşlərin hüquqlarının müdafiəsi üçün yaranıb, ona görə onlar bir qayda olaraq onlar dövlətə opponentlik edirlər. Gənclər isə hətta ailələrində belə valideyinlərin mövqelərinə opponentlik edən kateqoriyadır. QHT-lər də hökumətin görə bilmədiyi və yaxud görmək istəmədiyi işlərlə məşğuldur. Bu səbəbdən QHT-lərdə hakimiyyətə, onun siyasətinə alternativ fəaliyyət ortaya qoyan qurumlardır".