Minsk qrupunun həmsədrləri ciddi addımlar atmırlar
3 Aprel 2012 23:30 (UTC+04:00)
"Mən belə xəyalpərəst deyiləm ki, Fransanı Aİ-nin əvəzləməsi
münaqişənin nizamlanmasını çox ciddi dəyişəcəyinə ümid edim"
Avropa İttifaqının (Aİ) ATƏT-in Minsk qrupunda Fransanı əvəz etmək
istəyi müsbət hal kimi dəyərləndirilir.
Bunu Avropa Şurası Parlament Assambleyasında (AŞPA) Azərbaycan
nümayəndə heyətinin üzvü, Milli Məclisin deputatı Qənirə Paşayeva
bildirib.
Deputat söyləyib ki, bu, müsbət qiymətləndirilsə də münaqişənin
nizamlanması istiqamətinə aparılan danışıqların mövcud vəziyyətini
tam dəyişməyəcək: "Mən belə xəyalpərəst deyiləm ki, Fransanı Aİ-nin
əvəzləməsi münaqişənin nizamlanmasını çox ciddi dəyişəcəyinə ümid
edim. Amma əvəzetmə nəticəsində müsbət nəticələr olacaq. Çünki
Fransadan fərqli olaraq, Avropa İttifaqının içərisində münaqişənin
həlli ilə bağlı rəsmi Parisdən daha çox ədalətli mövqe tutan
ölkələr var".
Dağlıq Qarabağ münaqişəsinin həllində vasitəçilik missiyasını
üzərinə götürən ATƏT-in Minsk qrupu həmsədrlərin fəaliyyətinə
toxunan deputat bildirib ki, həmsədr dövlətlər münaqişənin
nizamlanması istiqamətində çox ciddi addımlar atmır: "Hətta
həmsədrlər heç bir rol oynamırlar. Keçən uzun müddət ərzində
həmsədrlər münaqişənin həlli ilə bağlı daha sərt ifadə işlədərək
bildirmək istərdim ki, heç bir iş görmürlər. Çünki görün, artıq
neçə il keçib, amma həmsədrlər münaqişənin həlli ilə bağlı heç bir
səy ortaya qoymurlar. İşğal edən dövlətə (Ermənistan) yetərli
təzyiqlər edilməyincə mövcud vəziyyəti dəyişmək mümkün olmayacaq.
Eyni zamanda həmsədr dövlətlərin qəbul etdiyi qətnamələrin yerinə
yetirilməsi üçün həmsədrlər heç nə etmir. "Siz gedin danışıqları öz
aranızda aparın biz də sizə dəstək verərik" sözləri münaqişənin
həllində ciddi rol oynamamaq deməkdir".