Körpülərə bomba qoyulması xəbərini verən Bakı sakini tutuldu

31 May 2013 17:15 (UTC+04:00)

Baş Prokurorluq Bakıda yalançı yalanç bomba xəbərinin verilməsilə bağlı açıqlama yayıb. Prokurorluğun mətbuat xidmətindən Mövqe.az-a verilən məlumata görə, bu gecə saat 04:34-də İsmayıllı rayon sakini, 1948-ci il təvəllüdlü Ənvər Adıgözəlov istifadəsində olan mobil telefonundan Daxili İşlər Nazirliyinin "102 Zəng Xidməti"nə zəng edərək paytaxtın Nizami rayonundakı "Bağırov körpüsü"nə, Xətai rayonundakı "Xətai körpüsü"nə və Zabrat qəsəbəsinə gedən yoldakı "Sabunçu körpüsü"nə partlayıcı qurğuların yerləşdirilməsini və bu məlumatın ona Asif adlı şəxsin "sms"lə ötürməsini bildirib.


Həmin məlumat əsasında Fövqəladə Hallar Nazirliyinin müvafiq qurumlarının mütəxəssisləri təxirəsalınmaz tədbirlərin görülməsi üçün hüquq mühafizə orqanlarının əməkdaşları ilə dərhal həmin ünvanlara cəlb edilməklə əraziyə baxış keçirib. Ərazidə müvafiq təhlükəsizlik tədbirləri görülüb. Nəticədə qeyd olunan ərazilərdə şübhəli əşya aşkar edilməyib.


Ənvər Adıgözəlov barəsində İsmayıllı rayon Polis Şöbəsinin İstintaq Bölməsində Cinayət Məcəlləsinin 221.1-ci (xuliqanlıq) maddəsilə cinayət işi başlanıb.


Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində Ə.Adıgözəlov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.


Hazırda cinayət işi üzrə istintaq davam etdirilir.