Azərbaycanın Ştutqartdakı fəxri konsulu Azərbaycana qarşı aparılan kampaniyaya münasibət bildirib
7 May 2012 21:08 (UTC+04:00)
Azərbaycanın Ştutqartdakı fəxri konsulu Otto
Hauzer dövrü mətbuata, qəzet və radiolara verdiyi müsahibələrində
Almaniyanın bəzi mətbuat orqanlarının Azərbaycana münasibətdə
ədalətli olmadığını diqqətə çatdırıb. APA-nın xəbərinə görə, O. Hauzer
Azərbaycanı tənqid edənlərə etirazını bildirib: "Azərbaycanda
demokratiyanın inkişafının zamana ehtiyacı var. Bu bir prosesdir və
Almaniyanın 20 ildir birləşməsinə baxmayaraq, hələ də burada 100
faiz əminliklə tam demokratiyanın olduğuna heç kəs iddia edə
bilməz".
O. Hauzer Azərbaycanı tənqid edən qurumları qərəzsiz olmağa və
ölkəni yaxından tanımağa çağırıb. Fəxri konsul azərbaycanlıların
çox xoş məramlı, qonaqpərvər, vətəninə bağlı olduqları haqqında
danışıb və Almaniya ilə Azərbaycan arasındakı 190 ildən artıq
tarixə malik münasibətlərin olduğunu da diqqətə çatdırıb. O, iki
xalq arasındakı olan bu tarixi münasibətlərin hansısa maraqlar
naminə pozulmasının qətiyyən yol verilməz olduğunu bildirib.
Fəxri konsul bütün müsahibələrində Azərbaycanın Avropa və xüsusilə
Almaniya üçün ciddi enerji tərəfdaşı olduğunu da vurğulayıb. O,
alman hökumətindən və digər Avropa ölkələrinin rəhbərliyindən
Dağlıq Qarabağ probleminin ədalətli həllində Azərbaycana kömək
etməyi tələb edib: "İnsan haqlarının pozulmasını Ermənistan
Respublikası tərəfindən işğal edilmiş Azərbaycan torpaqlarında da
diqqətdə saxlamaq və bu barədə qəti addımlar atılmalıdır".
Məlumata görə, Azərbaycanın Almaniyanın Baden-Vürtemberg
torpağındakı fəxri konsulu Otto Hauzer çox intensiv olaraq alman
mətbuatında çıxış edir və Azərbaycanla bağlı həqiqətlərin Almaniya
ictimaiyyətinə çatdırılmasına səy göstərir. Gələn həftə Almaniya
mətbuatında yaranmış olan qərəzli məqalələrə cavab olaraq bir daha
10-dan çox qəzet və digər media nümayəndələri ilə görüşlər nəzərdə
tutulub.