"Pizza-İnn" kafe-restoranı Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsini məhkəməyə verəcək. Bu barədə Movqe.az-a "Pizza-İnn" kafe-restoranın sahibi fiziki şəxs Natiq Qədirov məlumat verib. N. Qədirov Movqe.az-a açıqlamasında bildirib ki, cərimənin ləğvi ilə bağlı Komitəyə məktub göndəriblər: "Hər şey o məlumatda yazılan kimi deyil. Biz Braziliyadan idxal olunan "Friboy" nişanlı uyğunluq sertifikatını Komitənin yoxlama aparan əməkdaşlarına təqdim etmişik. Amma qurum başqa cür yazıb mətbuata məlumat yayıb. Siz çox şeyi bilmirsiniz. İndi biz onlardan cavab gözləyirik. Əgər müsbət cavab verilməsə məhkəməyə müraciət edəcəyik. "Friboy" nişanlı ətə gəlincə, onu demək istəyirəm ki, bu ət Braziliya istehsalıdır. Əgər başqa restoranlar Hindistandan gətirilən dondurulmuş ətdən istifadə edirlərsə, biz daha keyfiyyətli və bahalı olan Braziliyanın ət məhsulundan istifadə etmişik. Bizim yeməklərimizin keyfiyyətindən müştərilərimiz də razıdır".
Xatırladaq ki, SMPDK yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidməti tərəfindən Bakı şəhərinin Səbail rayonu, Fəvvarələr meydanı, 8 ünvanında fəaliyyət göstərən fiziki şəxs Natiq Qədirova məxsus "Pizza-İnn" kafe-restoranında aşkar olunmuş nöqsanların aradan qaldırılması ilə bağlı verilmiş tapşırığın icra vəziyyətini yoxlamaq məqsədilə təkrar dövlət nəzarəti tədbirləri həyata keçirilib. Komitədən verilən məlumata görə, araşdırma zamanı müəssisəyə verilmiş tələbnamələrin tam icra olunmadığı, aprelin 11-dən istehsalı və satışı qadağan olunmuş biskvitli-kremli tort və pirojnaların istehsalının dayandırılmadığı və satışı aşkar olunub: "Həmçinin, dövlət nəzarəti tədbirləri zamanı restoranda istehlakçılara təqdim olunan yeməklərin hazırlanmasında ölkəmizdə istehsal olunan ətlərlə yanaşı, Braziliyadan idxal olunan "Friboy" nişanlı uyğunluq sertifikatı olmayan dondurulmuş mal ətindən istifadə olunduğu müəyyən edilib", - deyə məlumatda bildirilir. Aşkar olunmuş bu və digər nöqsanlarla əlaqədar olaraq fiziki şəxs N.Qədirov barəsində İnzibati Xətalar Məcəlləsinin 317.2 maddəsinə əsasən inzibati protokol tərtib edilib, məhsulların istehsalının dayandırılması barədə müəssisə rəhbərinə bir daha xəbərdarlıq edilib, inzibati xəta haqqında qərara əsasən müəssisə rəhbəri 5 000 manat cərimə edilib.